...

ABŞ-ın sözü Netanyahu üçün fərman deyil –Trend News-un icmalçısı

Siyasət Materials 21 May 2009 16:53 (UTC +04:00)

Trend -un Yaxın Şərq redaksiyasının icmalçısı Ülviyyə Sadıxova

İsrail Baş nazirinin ABŞ Prezidenti ilə son danışıqları göstərir ki, çox güman İsrail fələstinlilərlə danışıqlardan imtina edərək yeni saziş imzalamayacaq və görünür ki, ABŞ bu dəfə heç nə ilə kömək edə bilməyəcək.

Benyamin Netanyahunun Vaşiqtona səfəri nə ərəb ölkələrinin, nə də Yaxın Şərq münaqişəsində iştirak edən qərb vasitəçilərinin ümidini doğrultmadı. Netanyahu Barak Obama ilə danışıqlarda yalnız İsrailin xarici işlər naziri Aviqdor Libermanın sözlərini başqa şəkildə ifadə edib və bildirib ki, fələstinlilər hələ ki, geniş muxtariyyətə ümid ola bilərlər, müstəqil dövlətin yaradılmasından isə söhbət belə gedə bilməz.

Obamanın müsəlman ölkələrinə etdiyi və edəcəyi səfərlər zamanı Fələstin dövlətinin yaradılmasına ünvanlanan sözlərlə ABŞ-ın əvvəlki Corc Buş Administrasiyasından fərqli olaraq, İslam dünyası ilə dialoqun qurulmasında ciddi olduğunu sübut etdiyi bir halda İsrailin nəyə ümid etdiyi aydın deyil. Obama beynəlxalq terror təşkilatlarına qarşı aparılan mübarizə ilə terrorçuların ola biləcəyi müsəlman ölkələri ilə münasibətlər arasında dəqiq sərhəd qoydu.

Lakin Netanyahu, görünür ki, Ağ Evdə hələ də "Buş" ab-havasının dolaşdığına və yəhudi lobbisi təsirinin İsrail-Amerika diplomatiyasının zəifləməsinə imkan verməyəcəyinə ümid edib. Və...yanılıb. Demokrat Obamanın ola bilsin ki, müstəqil Fələstin dövlətinin yaradılması məsələsinin ən azı üç il müddətinə təxirə salınması fikri ilə razılaşacağına bəslənən ümidlər boşa çıxdı. Netanyahu hesab edir ki, Fələstin Muxtariyyətində milli təhlükəsizlik orqanlarının yaradılmasına və regionda iqtisadi vəziyyətin yaxşılaşdırılmasına bu qədər vaxt lazımdır. Bu da aydındır: Baş nazir ilk səlahiyyət müddətini İsrail və Qərbdə Netanyahunun koalisiya hökumətinin tezliklə dağılacağının proqnozlaşdırıldığını nəzərə alaraq, ərəblərlə münaqişədə hansısa nəticə əldə etmək istəyir. 

Lakin Obama, Fələstin dövlətinin yaradılması ilə yanaşı, Şərqi Qüdsün fələstinlilərin paytaxtı edilməsini tələb edir ki, bundan da bütün İsrail siyasətçiləri imtina ediblər. Ərəblərlə danışıqlarda mövqelərinin ayrılmasına baxmayaraq, İsrailin həm solçu, həm də sağçı siyasətçiləri Qüdsün saxlanılması uğrunda mübarizədə birdirlər.

Ərəb və hətta müsəlman dünyasının baş ağrısına çevrilən Fələstin problemi ABŞ Prezidenti üçün onun müsəlman ölkələri ilə danışıqların irəliləməsi istiqamətində tutduğu "ipə" çevrilib. Ağ Ev rəhbəri Yaxın Şərqin HƏMAS, "Müsəlman qardaşları" kimi antiqərb siyasi partiyalarını dialoqa cəlb etməyə çalışır. Regionda təhlükəsizlik bu partiyalardan asılıdır, çünki bu münaqişədə təkcə Qərb və Şərqin maraqları toqquşmur, həm də regionda birincilik uğrunda ərəb liderlərinin mübarizəsi gedir. Ötən ilin dekabrında İsrailin Qəzza Zolağına son müdaxiləsi göstərdi ki, Qərbin regiondakı müttəfiqləri olan Misir, Səudiyyə Ərəbistanı və İordaniya Yaxın Şərqdə İranyönlü düşərgə qarşısında zəifdir. Artıq sirr deyil ki, HƏMAS Qəzzada müharibədən sonra yalnız siyasi baxımdan güclənib. Məhz buna görə də Obma iyunda Misirə gözlənilən səfərində təkcə qərbyönlü müsəlmanlarla deyil, terror qruplaşmaları istisna olmaqla, bütün İslam dünyası ilə dialoq axtaracaq.

Ərəblərlə sülh prosesinin irəliləməsi üçün təklif etməyə heç nəyi olmayan İsrail çətin ki, bütün problemləri ABŞ-ın üzərinə ata bilsin. Lakin Əfqanıstan və Pakistanda "Taliban" ilə və İraqda çıxdıqdan sonra qoşun saxlamaq kimi problemlərlə məşğul olan Vaşinqtonun Fələstin problemində İsrailə köməklik göstərmək üçün nə vaxtı, nə də pulu var. ABŞ artıq İsrailə Suriya ilə dialoq qurmaqda kömək edir və bununla da Dəməşqin İranyönlü mövqeyini yumşaldaraq və fələstinliləri dəstəkləyərək regionda zorakılığın baş qaldırmasının qarşısını alır.

Lakin Netanyahu hökuməti də hazırda yaxşı vəziyyətdə deyil, çünki ölkə daxili siyasi böhran astanasındadır. Seçkilər başa çatdı, lakin ölkə əhalisi yerli kütləvi informasiya vasitələrinin apardığı sorğuya görə, xarici işlər naziri Aviqdor Libermanın radikal mövqeyindən və Netanyahunun sülh prosesində fəaliyyətsizliyindən çox narazıdır. Hazırda İsrail tamamilə fərqli baxışlara malik olan partiyaların iştirak etdiyi koalisiya hökumətidir. İsrail analitikləri müxalif Sipi Livni və Ehud Barakın Netanyahunu kənarlaşdırmaq üçün "odun üstünə benzin tökmə" ehtimallarını istisna etmirlər. Buna Amerika-İsrail tərəfdaşlığının zəiflədilməsi səbəb ola bilər, bu isə İsrailə iqtisadi və diplomatik zərbədir.

Hələ ki, ABŞ İsrailə Yaxın Şərq üzrə siyasətini yenidən nəzərdən keçirmək üçün ikinci dəfə şans verir, çünki növbədə nüvəyə malik İranla danışıqlar var. Vaşinqton Netanyahu hökuməti mövqeyinin Obamanın Yaxın Şərq planlarını pozduğunu görərsə, ABŞ-ın İsrail ilə bazarlıq mövzusu kimi siyasi və iqtisadi dəstəyə üstünlük verəcəyi istisnadır ki, İsrail də bu dəstəklər olmadan Fələstin və digər işğal olunmuş əraziləri müəyyən vaxtda itirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti