...

Azərbaycanın millət vəkilləri hərbi hissədə baş vermiş qida zəhərlənməsinin təxribat olduğunu istisna edirlər

Siyasət Materials 27 May 2009 15:37 (UTC +04:00)
Azərbaycanın millət vəkilləri hərbi hissədə baş vermiş qida zəhərlənməsinin təxribat olduğunu istisna edirlər

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın millət vəkilləri ötən axşam Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində baş vermiş kütləvi qida zəhərlənməsinin təxribat olduğunu istisna edirlər.

"Hərbi hissədə baş vermiş zəhərlənməni kənar təsirlərlə əlaqələndirmək üçün yetərli arqumentlər yoxdur.

Orduda hər bir daxili məsələni diqqət mərkəzində saxlamaq lazımdır ki, kənar təsir və müdaxilələr ordu quruculuğunun yüksək səviyyədə aparılmasına maneçilik törətməsin", - çərşənbə günü Trend -a

Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirib.

Trend -un arayışı: Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində ötən axşam kütləvi qida zəhərlənməsi baş verib. Təlim Mərkəzindən 164 əsgər müayinə üçün Hərbi Klinik Hospitala gətirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, hərtərəfli müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıb.

6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan əlavə müayinə və müalicəyə cəlb edilib və onların vəziyyətləri kafidir.    

Təlim Mərkəzində qida zəhərlənməsi ilə bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Orucun sözlərinə görə, ordu kimi böyük srtrukturda daxili normativ tələblərə çox ciddi şəkildə əməl olunmalıdır. "Qida təhlükəsizliyi, sanitar-gigiyenik normalar və onlara nəzarətin ən yüksək səviyyədə gündəlik və ardıcıl olaraq biganə yanaşmadan həyata keçirilməsi ən mühüm vəzifədir", - millət vəkili deyib.  

Millət vəkilinin sözlərinə görə, orduya ictimai nəzarət müəyyən təsir vasitəsi olan element olsa da, bütövlükdə Azərbaycan cəmiyyəti hər bir ordu hissəsinin daxili vəziyyətini heç cür nəzarətdə saxlaya bilməz.

"Ordunun qida rejimini, təlimləri, bütün münasibətlər sisteminə nəzarət qeyri-mümkündür. Bu strukturlardan tələb olunur ki, bu cür halların təkrar olmaması üçün məsuliyyətsizliyə yol vermiş insanlar cəzalandırılsın. Kütləvi zəhərlənmə kimi hallar Azərbaycanın ordu strukturlarına, müdafiə sektoruna və təhlükəsizliyinə mənfi təsir göstərir. Bu hal bizim üçün müəyyən siqnal olmalıdır", - Oruc deyib.      

"Bu hadisənin özü göstərir ki, Azərbaycan ordusunda şəxsi hərbi heyətdə hər hansı bir narahatçılıq olduqda ona reaksiya vermək və məsələ ilə bağlı operativ qərar qəbul etmək mexanizmi var. Zəhərlənmə barədə məlumatın olması hələ orduda ümumilikdə problemin olması kimi qəbul olunmamalıdır", - çərşənbə günü Trend -a Orduya İctimai Nəzarət Qrupunun üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib. 

Mirzəzadənin sözlərinə görə, ordu mürəkkəb mexanizmdir və orada cari problemlərin olması mümkündür. "Ordunun qiyməti o vaxt yüksək olur ki, həmin cari problemlərə operativ reaksiya verilib onun qarşısı alınır və ya həmin halın bir daha baş verməməsi üçün tədbirlər görülür", - millət vəkili deyib. 

Onun bildiridiyinə görə, Azərbaycan ordusuna ictimai nəzarət mexanizmi var və bölgələrə, hərbi hissələrə səfərlər vətəndaş nəzarətinin nümunələridir.

Trend -un arayışı: Ötən ilin oktyabr ayında Azərbaycan ordusunda "dedovşina" faktları aşkarlandıqdan sonra Müdafiə Nazirliyi, millət vəkilləri və QHT nümayəndələrinin təmsil olunduğu Orduya İctimai Nəzarət Qrupu yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti