...

Azərbaycanda əsgərlərin qidadan zəhərlənməsi ilə bağlı deyilənlər əsassızdır – birinci vitse-spiker

Siyasət Materials 29 May 2009 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin birinci vitse-spikeri hesab edir ki, Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Ümumqoşun Təlim Mərkəzində baş verən hadisəni kütləvi zəhərlənmə kimi qəbul etmək düzgün deyil.

"Deputat Aydın Mirzəzadə hərbi hissədə olub, mən də Müdafiə Nazirliyinin rəhbərliyi ilə əlaqə saxlayıb hadisə ilə bağlı araşdırma aparmışam. Qəti şəkildə deyə bilərəm ki, orada əsgərlərin qidadan zəhərlənməsi ilə bağlı deyilənlər əsassızdır", - Trend -un məlumatına görə, cümə günü jurnalistlətə Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Trend -un arayışı: Mayın 27-nə keçən gecə Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində ötən axşam kütləvi qida zəhərlənməsi baş verib. Təlim Mərkəzindən 164 əsgər müayinə üçün Hərbi Klinik Hospitala gətirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, hərtərəfli müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıb.

6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan, əlavə müayinə və müalicəyə cəlb edilib. Həmin əsgərlər bu gun hospitaldan hərbi hissələrinə buraxılıblar.    

Təlim Mərkəzində qida zəhərlənməsi ilə bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Mayın 28-də deputat Aydın Mirzəzadə bir qrup jurnalistlə birgə təlim mərkəzində hərbçilərin qidalanma və saxlanma şəraiti ilə tanış olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti