...

Azərbaycanda test üsulu ilə qəbulun təkmilləşdirilməsinə böyük ehtiyac var - Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 23 İyun 2009 09:01 (UTC +04:00)
Azərbaycanda test üsulu ilə qəbulun təkmilləşdirilməsinə böyük ehtiyac var - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, test üsulu ilə qəbulun təkmilləşdirilməsinə böyük ehtiyac var.

"Test üsulu ilə qəbulun təkmilləşdirilməsinə böyük ehtiyac var. 100-120 min abituriyent imtahana girir, onların təqribən 40 faizi 100 baldan aşağı toplayır. Deməli, bunlar imtahana yox, tapmaca tapmağa gəlirlər. Sözsüz ki, təhsil sistemində testin tətbiqinin təkmilləşməsinə daim tələbat var", - bazar ertəsi Trend -a eksklüziv müsahibəsində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə bildirib.

Trend -un arayışı:  Azərbaycanda 1992-ci ilk dəfə Müstəqil Dövlətlər Birliyi respublikaları arasında ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə keçirilməsinə başlanılıb.

Test üsulu ilk dəfə olaraq 1969-cu ildə ABŞ-da orta məktəb məzunlarının bilik səviyyəsinin monitorinq əsaslarla qiymətləndirilməsi məqsədilə tətbiq olunub. 1970-ci illərdə ABŞ-ın bu sahədəki təcrübəsindən Türkiyədə eksperiment kimi ali məktəbə tələbə qəbulu prosesinin təkmilləşdirilməsində istifadə edilib.

Azərbaycanda qüvvədə olan "Təhsil haqqında" Qanun 1992-ci ildə qəbul olunub. 1995-ci ildən Milli Məclis yeni qanunun hazırlanmasına başlasa da, 14 il ərzində qanun qəbul olunmayıb.

Uzun sürən müzakirələrdən sonra qanun Parlamentin ötən həftə keçirilən iclasında qəbul olunub.

Təhsil, Səhiyyə, Maliyyə, İqtisadi İnkişaf, Vergi nazirlikləri və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yeni qanuna müsbət rəy verib.

Abdullazadə yeni test mərkəzlərinin formalaşmasına ehtiyac olduğunu da deyib.

"Həmin mərkəzlər vasitəsilə imtahanın gedişini canlı izləmək imkanımız olmalıdır. Bu zaman biz artıq ilkin sınaqdan keçmiş, yəni heç olmasa 300-400 bal toplamağa qadir olan abituriyentlərin kameraların müşayiəti ilə suallara necə cavab yazdıqlarının şahidi olacağıq. Yeni mərkəzlərin vasitəsilə bir saatdan sonra kompüterlər imtahan verənlərin ballarını müəyyənləşdirməli və bununla da proses başa çatmalıdır", - şöbə müdiri əlavə edib.

Abdullazadə müəllim kimi testin əleyhinə olduğunu, lakin indi yeni sistemin tətbiqinə böyük ehtiyac olduğunu qeyd edib.

"Çünki testlə təhsil sistemini qurmaq olmaz. Testlə yalnız əldə olunan biliyin səviyyəsini yoxlamaq olar. Əfsuslar olsun ki, bizim müəllimlər bu gün testi bəhanə edərək uşaqları testin cavablarını əzbərləməyə sövq edirlər. Bu təhsil üçün böyük və çox qorxulu nəticələr verə bilər. Mən bu üsuldan əl çəkməyə çağırıram", - şöbə müdiri vurğulayıb.

Azərbaycanın Prezident Adminstrasiyasının şöbə müdirinin fikrincə, təhsil sistemindəki problemlərin çoxunun sadə həll yolu var.

"Biz ilk növbədə dünya təhsil məkanına inteqrasiya olunmalıyıq. Əgər Bakı Dövlət Universitetinin tələbəsi sabah gedib Strasburqda oxuyub, sonra Sarbonna Universitetində təhsilini davam etdirirsə, magistraturanı Londonda qurtarırsa, bununla öyünməliyik. Sözün əsl mənasında Avropa və dünya təhsil məkanına inteqrasiya təhsil sahəsində irili-xırdalı bütün nöqsanları təbii yolla aradan qaldıracaq", - şöbə müdiri bildirib.

Abdullazadə deyib ki, azərbaycanlı tələbələrin yaradıcı potensialı kifayət qədər yüksəkdir.

"İnanıram ki, onlar ali təhsildə mövcud olan bütün problemlərə baxmayaraq, öz təhsillərinin səviyyəsini təmin edəcəklər. Bu gün ən çətin məsələ insanları ömrü boyu təhsil almağa öyrətməkdir. Məsələn, mən bu gün də özümü tələbə hesab edirəm, çünki hər gün nəyisə öyrənirəm", - şöbə müdiri əlavə edib.

Onun sözlərinə görə, hər bir insanın öz təhsilinin səviyyəsini hər gün artırması təhsilin tamamilə yeni konsepsiyasıdır.

"Əgər vaxtilə təhsilin problemləri ali və orta məktəbin, hansısa təhsil qurumunun üzərinə düşürdüsə, artıq təhsil bütün cəmiyyətin problemidir. Məhz buna görə də təhsil konsepsiyası hazırlanmalıdır", - Abdullazadə vurğulayıb.

Şöbə müdiri deyib ki, təhsil təkcə hansısa ali məktəbi qurtarmaqdan və diplom almaqdan ibarət deyil.

"Məncə, bizim gənclərin təhsil almaq həvəsi çox yüksəkdir. Amma ali məktəbin problemləri ilk növbədə təhsildə çalışan yüksək ixtisaslı kadrların çoxunun dünyalarını dəyişmələri ilə bağlıdır. Təhsildə yeni proqramlara, innovasiyalara, yeni yanaşmalara böyük ehtiyac var", - Abdullazadə qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti