Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir Y.Ostapenko /
Yevgeniya Jivkovanın yerinə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisinin təyinatı təxminən gələn cümə axşamı, oktyabrın 1-də baş tutacaq. Bu barədə AŞPA-nın mətbuat xidmətinin nümayəndəsi Anqus Makdonald bildirib.
"AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə iki həmməruzəçi mövqeyindən biri hazırda vakantdır. Güman edilir ki, yeni həmməruzəçi Monitorinq Komitəsi tərəfindən gələn cümə axşamı, oktyabrın 1-də Strasburqda AŞPA sessiyası zamanı komitənin iclasında təyin edilməlidir", - Makdonald cümə günü elektron poçtla Trend -a bildirib.
Jivkovanın həmməruzəçi postundan gedişi iyunda məlum idi, lakin yeni şəxsin təyinatına qədər o, rəsmi olaraq vəzifəsində qalır. AŞPA-nın Azərbaycan üzrə digər həmməruzəçisi Estoniya nümayəndə heyətinin rəhbəri və AŞPA-nın vitse-prezidenti Andres Herkeldir.
Makdonald təyinatına qədər həmməruzəçi vəzifəsinə daha çox ehtimal olunan namizədin adını çəkməkdən imtina edib.
Onun sözlərinə görə, adətən prosedur belədir: təyin edilmiş şəxs təyinatından sonra çox keçmədən Azərbaycan nümayəndə heyəti ilə əlaqə yaradacaq, özünü təqdim edəcək və digər həmməruzəçi ilə yanaşı öz səfərlərinin proqramını və Azərbaycan hökuməti ilə əməkdaşlıq planını hazırlayacaq.
"Əlbəttə, biz istərdik ki, həmməruzəçi Türkiyə, Gürcüstan və ya bizə yaxın digər ölkə nümayəndələrindən biri olsun. Lakin Monitrinq Komitəsində müzakirələr bağlı qapılar arxasında keçiriləcək, buna görə də yeni həmməruzəçinin adı yalnız konkret qərar qəbul edildikdən sonra elan ediləcək", - Trend -a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli deyib.
2001-ci ildə Avropa Şurasına daxil olmaqla, Azərbaycan üzərinə bir sıra öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilməsini AŞ-nin Monitorinq Komitəsi müşahidə edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]