...

Azərbaycanın hakim partiyası "Euronews" televiziya kanalının qərəzli verilişinə etiraz edir

Siyasət Materials 1 Dekabr 2009 17:20 (UTC +04:00)
"Partiya "Euronews" televiziya kanalına noyabrın 28-dəki buraxılışı ilə əlaqədar etiraz məktubu ünvanlayıb", - Trend News-un məlumatına görə, çərşənbə axşamı Yeni Azərbaycan Partiyasının internet saytında bildirilib.
Azərbaycanın hakim partiyası "Euronews" televiziya kanalının qərəzli verilişinə etiraz edir

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası "Euronews" televiziya kanalının qərəzli verilişinə etiraz edir.

"Partiya "Euronews" televiziya kanalına noyabrın 28-dəki buraxılışı ilə əlaqədar etiraz məktubu ünvanlayıb", - Trend -un məlumatına görə, çərşənbə axşamı Yeni Azərbaycan Partiyasının internet saytında bildirilib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

"Qərb ölkələrinin bəzi aparıcı KİV-lərində zaman-zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıq-aşkar təcavüzkar Ermənistanın mövqeyini müdafiə edən informasiyalar yer alır. "Euronews" televiziya kanalının noyabrın 28-dəki buraxılışında "Dağlıq Qarabağda dəyişiklik küləkləri" adlı verilişdə növbəti dəfə qərəzli və qeyri-obyektiv yanaşma əsasında münaqişənin səbəblərini və həqiqətlərini erməni tərəfinin mövqeyinə uyğunlaşdırmaqla dünyanın və Avropanın ictimai rəyini çaşdırmağa yönələn cəhd göstərilib", - etiraz məktubunda deyilir.

Hakim partiya hesab edir ki, həmin proqramda Dağlıq Qarabağ "müstəqil dövlət", qondarma qurumun rəhbəri Bako Saakyan isə bu "dövlətin prezidenti" kimi təqdim olunub. "Bu az imiş kimi, bütün beynəlxalq sənədlərdə və nüfuzlu dünya təşkilatlarında Azərbaycanın ərazisi sayılan, Ermənistanla heç bir coğrafi əlaqəsi olmayan Dağlıq Qarabağ Ermənistanın "ürəyi" adlandırılıb", - partiyanın məktubunda qeyd edilir.

Yeni Azərbaycan Partiyası tarixi-siyasi faktların aşkar və kobud təhrifinə əsaslanan bu tip iddialara qəti şəkildə etirazını bildirir və telekanal rəhbərliyinin diqqətinə çatdırır ki, adıçəkilən qondarma qurum Ermənistanın Azərbaycana təcavüzü, onun ərazilərinin 20 faizinin (17,2 min kv/km) işğalı nəticəsində süni şəkildə və terrorçu-separatçı rejim kimi yaradılıb. "Təbii olaraq, Dağlıq Qarabağ adlı qondarma "dövlət" dünyanın heç bir ölkəsi tərəfindən tanınmayıb və gələcəkdə də onu belə bir perspektiv gözləmir. Qeyd etmək istərdik ki, BMT, ATƏT, Avropa Şurası və bir sıra beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana təcavüzünü pisləyən qətnamə və qərarlar qəbul ediblər. "Euronews" kimi geniş yayımı olan telekanal rəhbərliyinin bundan xəbərsiz olduğuna inanmaq mümkün deyil.

"Qeyd etmək yerinə düşər ki, bu cür qərəzli, qeyri-obyektiv və əslində təxribat xarakterli verilişləri ilə "Euronews" kanalı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan nizamlanma prosesinə ciddi xələl gətirir, regionda sülhün, əmin-amanlığın və qarşılıqlı etimadın yaranmasına ağır zərbə vurur", - məktubda bildirilir.

Azərbaycan cəmiyyətinin mövqeyini ifadə edərək, Yeni Azərbaycan Partiyası "Euronews" telekanalının rəhbərliyini belə həssas mövzuda proqram hazırlayarkən obyektiv olmağa dəvət edir və bildirir ki, bu səpkidə obyektivlikdən uzaq verilişlər onun imicinə ciddi xələl gətirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti