...

"İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanunun qəbulu vacibdir - Azərbaycan Parlamentinin deputatı

Siyasət Materials 25 Dekabr 2009 17:28 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanun layihəsinin qəbulu çox vacibdir.
"İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanunun qəbulu vacibdir - Azərbaycan Parlamentinin deputatı

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanun layihəsinin qəbulu çox vacibdir.

"Bu problem Azərbaycanda narahatlıq doğurur. Çünki ilk dəfə bu infeksiyaya yoluxmanın qeydə alınmasından keçən dövr ərzindəki artım tempi də hamımızı narahat edir. Ona görə də çox sərt qanunvericilik başası olmalıdır", - Trend -un məlumatına görə, cümə günü Milli Məclisin iclasında deputat Qənirə Paşayeva bildirib.

Paşayevanın sözlərinə görə, ən əsas məsələ HİV daşıyıcılarının üzə çıxarılması olmalıdır.

"Statistikaya nəzər salanda görürük ki, HİV daşıyıcılarının 63,3 faizi, ümumilkdə isə 1992-ci ildən 2009-cu ilə qədər nəzər salsaq, 64,4 faizi infeksion narkotik istifadəsi nəticəsində baş verib. Rəsmi statistikada da qeyd olunur ki, narkomanların sayı qeydiyyatdan keçən narkomanların sayı qədər deyil. Əgər narkomanların sayı daha çoxdursa, deməli risk qrupu da daha çoxdur", - Paşayeva deyib.

Millət vəkili deyib ki, həmin narkomanların qeydiyyata cəlb olunması prosesi bu qanunun qəbulundan sonra daha da gücləndirilməlidir.

"Maarifləndirmənin aparılmasına da ciddi fikir verilməlidir. Bu xəstəliyin qarşısının zamanında alınmasına çox ehtiyac var. Maarifləndirmə üçün ən böyük çəki televiziya və radioların üzərinə düşür", - o  qeyd edib.

Paşayeva deyib ki, layihədə maarifləndirmə məqsədilə İctimai Televiziyada və dövlət televiziyasında ayda cəmi 20 dəqiqə vaxt ayrılması ilə bağlı müddəanın nəzərdə tutulması azdır. "Hesab edirəm ki, bu müddət ən azı 90 dəqiqə olmalıdır və özəl televiziyalar da maarifləndirmə prosesində iştirak etməlidirlər", - o vurğulayıb.

Qanun Parlamentin bugünkü iclasında birinci oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti