...

Kuba Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini tezliklə qaytarmağa çağırır – səfir Marsello Kabalyero Tores (MÜSAHİBƏ)

Siyasət Materials 28 Dekabr 2009 09:04 (UTC +04:00)
Trend News-un 1 yanvar - Qurtuluş Günü və İnqilabın qələbəsinin ildönümü ərəfəsində Kuba Respublikasının Azərbaycandakı fövqəlaqə və səlahiyyətli səfiri Marsello Kabalyero Tores ilə müsahibəsi
Kuba Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini tezliklə qaytarmağa çağırır – səfir Marsello Kabalyero Tores (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir S.Ağayeva/

Trend -un 1 yanvar - Qurtuluş Günü və İnqilabın qələbəsinin ildönümü ərəfəsində Kuba Respublikasının Azərbaycandakı fövqəlaqə və səlahiyyətli səfiri Marsello Kabalyero Tores ilə müsahibəsi

- İki ölkə arasındakı əlaqələri necə xarakterizə etmək olar və bu əlaqələrin inkişafında nə kimi potensial var?

- Kuba Azərbaycanda təmsil olunan yeganə Latın Amerikası ölkəsi deyil. Bu yaxınlarda Azərbaycanda Braziliya səfirliyinin açılışı olub ki, bu da Azərbaycanın Latın Amerikası ölkələri ilə inkişaf edən əlaqələrinin göstəricisidir.

Ölkələrimiz arasındakı əlaqələri necə xarakterizə etmək olar? 10 aprel 1992-ci ildə diplomatik münasibətlər yaranandan bizim döstluq münasibətlərimiz möhkəmlənib.

Hətta ən çətin 90-cı illərdə Azərbaycan Kubanın əleyhinə səs verməyib. 1993-cü ildə Azərbaycan yeganə MDB ölkəsi idi ki, Blokada məsələsində Kubaya dəstək vermişdi.

2006-cı ilin sentyabrında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kubaya rəsmi səfər edib. Ölkələrimiz arasındakı diplomatik əlaqələrin səviyyəsinin yüksəldilməsi haqqında qərar o zaman qəbul olunub. 2007-ci ilin aprelində Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev Kubada səfir əvəzləyicisi kimi akkreditə olunub, 2007-ci ilin oktyabrında isə Azərbaycan Havanada Müvəqqəti Müvəkkil təyin edib, Kuba isə Azərbaycanda səfirliyini açıb. Demək lazımdır ki, hər iki ölkə eyni zamanda müvafiq regionlarda: Kuba Latın Amerikası və Karib adalarında Azərbaycan üçün, Azərbaycan isə Cənubi Qafqazda Kuba üçün ilk diplomatik nümayəndəlik olub. Məhz həmin dövrdən Azərbaycan-Kuba münasibətləri konkret inkişaf edib. Hökumət nümayəndələri arasında keçirilən görüşlər, əməkdaşlıq haqqında müqavilələrin və layihələrin imzalanması buna misal ola bilər.

- İki ölkənin iqtisadi əlaqələri, xüsusən də mal dövriyyəsi hansı səviyyədədir, əməkdaşlığın genişləndirilməsi üçün bu sahələrdə potensial varmı?

- İqtisadi əlaqələrə gəlincə, iki ölkə arasında bu sahədəki əlaqələrdə qənaətbəxş səviyyə mövcud deyil. İki ölkənin iqtisadi əlaqələri diplomatik əlaqələrlə ahəngdarlıq təşkil etmir və kifayət qədər inkişaf etməyib. Bu istiqamət üzrə qarşıda görüləsi işlər hələ çoxdur. Bu problemi həll etmək üçün 2007-ci ildən iki ölkənin əməkdaşlığı üzrə hökumətlərarası birgə komissiyanın iş mexanizmi fəaliyyət göstərir. Bu vaxta qədər biz artıq iki sessiya keçirmişik, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlıq haqqında üç mühüm müqavilə imzalamışıq, o cümlədən energetika, səhiyyə, kommunikasiya və kənd təsərrüfatı kimi sahələrdə 10 müqavilə imzalanma mərhələsindədir.

Kuba Azərbaycanda istehsal olunan avadanlıq və texnikalarla maraqlanır. Bu gün Kubada neft sənayesi sahəsində istifadə olunan avadanlıqların 70 faizi Azərbaycan istehsalıdır. Biz həmçinin elektrik və kənd təsərrüfatı məhsulları ilə də maraqlanırıq. Rabitə, səhiyyə, Kubada istehsal olunan tibb preparatları əməkdaşlığın digər mümkün istiqamətləridir.

Qarşılıqlı maraq kəsb edən sahələrə gəlincə, bu, kifayət qədərdir. Bizim iqtisadi əlaqələrimizin ən böyük perspektivləri turizm, neft-qaz və informasiya sektoru, farmakologiya və səhiyyə, təhsil, idman və digər istiqamətlərdir. Bir daha təkrar edim ki, istehsal məhsulları və xidmətlərlə fəal tanış olmaq və subyektləri yaxınlaşdırmaq lazımdır. Bu sahədə müxtəlif yarmarkaların və forumların keçirilməsi əvəzsiz rol oynaya bilər.

2010-cu il martın əvvəllərində Havanada birgə komissiyanın üçüncü sessiyası olacaq və bu zaman mühüm iqtisadi və ticari əlaqələrə yeni impuls veriləcək. Bu fəaliyyət çərçivəsində həmçinin Kubada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bu fakt ölkələrimiz arasında yaxşı münasibətlərin olmasına misal ola bilər.

Müasir Azərbaycan-Kuba münasibətlərinə gəlincə, əminliklə demək olar ki, uğurla inkişaf edir. Hər iki ölkə son illər böyük uğurlar əldə edib. Azərbaycanın sosial-iqtisadi inkişaf, eləcə də xarici siyasət sahəsində əldə etdiyi uğurlar Kubaya yaxşı məlumdur. Kuba da öz növbəsində, regionun ənənəvi mühüm ölkələrindəndir, "üçüncü dünya" adlandırılan ölkələr arasında böyük avtoritetə malikdir. Ölkələrimiz arasındakı siyasi əməkdaşlıq yüksək səviyyədədir. Ölkələrimizin xarici işlər nazirləri arasında mütəmadi görüşlər və məsləhətləşmələr keçirilir. Ölkələrimiz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində çox uğurla əməkdaşlıq edirlər. Azərbaycan sadə kubalıların yaşayışına mənfi təsir edəcək ABŞ-ın Kubaya embarqo nəzərdə tutan qətnaməsinin əleyhinə səs verərək Kubanın mövqeyini dəstəkləyir.

- Ölkələrimiz üçün iki gərgin mövzu var. Bu, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və ABŞ tərəfindən Kubaya embarqonun qoyulmasıdır. Bu problemlərin həlli üzrə iki ölkənin beynəlxalq arenada əməkdaşlığının səviyyəsi Havananı qane edirmi?

- Xatırlatdığınız problemlərin həll olunması bizi sevindirərdi. Hazırda bu xüsusda konkret vəziyyət nəzərə çarpır: Kuba Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini təcili surətdə qaytarmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırır. Bu arada Azərbaycan ABŞ Administrasiyasının 50 ildən artıq bir müddətdə ölkəmizə qarşı yeritdiyi maliyyə və iqtisadi blokadaya qarşı öz mövqeyini möhkəm qoruyub saxlayır.

- Kuba səhiyyəsi dünyada tanınır. Bu sahədə Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə dair nə kimi planlar var?

- 2008-ci ildə Kubanın iki səhiyyə nümayəndə heyəti bazarla tanış olmaq və Kuba tərəfinin xidmət təkliflərini və biotexniki məhsullarını nəzərdən keçirmək məqsədilə Bakıda olublar. Müsbət haldır ki, hər iki ölkənin səhiyyə sistemi haqqında artıq intensiv informasiya mübadiləsi aparılıb. Konkret nəticələr? Təəssüflər olsun ki, hələ nəticə yoxdur.

- 1 yanvar - Qurtuluş Günü və İnqilabın qələbəsinin ildönümüdür. Zəhmət olmasa, bu əlamətdar hadisə haqqında danışın.

- 1 yanvar Kubada Qurtuluş Günü - 1959-cu il İnqilabı qələbəsinin ildönümü kimi qeyd edilir

Bəzi tarixi faktlar:

10 mart 1952-ci il. Silahlı Qüvvələrin komandanı Batista səhər tezdən ölkə Prezidenti Prio Sokarrasa məktub göndərib: "Səninlə hər şey birib! Hakimiyyət mənimdir!". Və onun idarəçiliyi ilə amansız diktaturanın hakimiyyəti başlandı.

Diktator həmin dəqiqə əzmlə fəaliyyətə başladı: konstitusiyanın fəaliyyətinə xitam verdi, Konqresi buraxdı, Sovet İttifaqı ilə diplomatik əlaqələri kəsdi, iyulda prezident seçkiləri təyin etdi və bütün proqnolara görə, müxalifət qələbə qazanmalı idi.

26 iyul 1953-cü il. Batistanın fəaliyyəti ilə əksər kubalı, xüsusilə də 25 yaşlı Fidel Kastronun rəhbərlik etdiyi radikal gənclər həmfikir olmadı. O, diktatura rejiminə qarşı rəşadətlə mübarizə aparırdı.

Birinci hücum üçün təxminən bir il hazırlıq keçdi. 25 iyul 1953-cü ildə 165 nəfər silah əldə etmək üçün Monkada hərbi düşərgəsinə hücum etdi. Lakin qüvvələr qeyri-bərabər idi. 15 dəfə çox olan hökumət qoşunları onların çoxunu əsir aldı, bəziləri öldürüldü, Fidel Kastroya 15 il, qardaşı Raula isə 13 il həbs cəzası verildi.

1955-ci il may ayının 12-də Fidel Kastro 4914 nömrəsi ilə həbs edildi. 1955-ci il 12 may - 4914 nömrəsi ilə həbs olunmuş Fidel Kastro həbsxanadan çıxaraq qəzet, radio və televiziya müxbirlərinə dedi: "Bizə verilən azadlığa görə biz şərəfimizin bir zərrəciyini də verməyəcəyik".

25 noyabr 1956-cı il. Qiyamçılar Meksikada azad edildi və oradaca yeni qiyama hazırlıq başlandı. "26 iyul Hərəkatı" təşkil edildi. Qiyamçılar bir az iri "Qranma" gəzinti yaxtası aldılar. 1956-ci il 25 noyabrda qiyamçılar gecə saat 2-də Meksikanın Tuspan limanından Kuba sahillərinə hücum etdilər. Bortda 82 nəfər (onlar arasında tanınmış argentinalı həkim Ernesto Çe Hevara da var idi), 90 tüfəng, 3 avtomat və 2 tank ələyhinə pulemyot var idi.

Təyin olunmuş yerə yalnız 22 inqilabçı gəlıb çatdı. Və onlar arasında Fidel Kastro və Çe Hevara da var idi.

1957-1959-cu illər. Kastro çox məşhurlaşdı. Yerli əhali Kastroya hər cür köməklik göstərirdi. Üsyançıların hərbi-siyasi rejimə qarşı mübarizəsi getdikcə ümumxalq mübarizəsinə çevrildi. "26 iyul Hərəkatı" ümummilli vətənpərvər təşkilata çevrildi.

31 dekabr 1959-cu ildə diktator yeni il qəbulu yaratdı. "Qədəhlər toqquşduruldu, - hadisənin şahidi xatırlayır. - Batista son dəqiqəyə kimi gülünc vəziyyətə qoyuldu. Yeni il tədbirini o, adəti üzrə "Salam! Salam!" sözləri ilə bağladı".

1959-cu il yanvarın 1-də gecə Batista qaçdı. Xeyli sayda avtomobil diktatoru və onun yaxınlarını gözləyən dörd təyyarənin olduğu güclü mühafizə olunan hərbi aerodroma yönəlmişdi...

Bir çox mitinqlərdə çıxış edən Fidel Kastro dedi ki, İnqilabın qələbəsi qətiyyən Kubanın bütün problemlərinin həll edilməsi anlamına gəlmir. "1 yanvar, - İnqilabın lideri qeyd etdi, - biz ancaq hüquqların mübarizəsinə başlamışıq!".

Xəbər lenti

Xəbər lenti