...

Azərbaycanın müxalifət partiyası parlament seçkilərində birgə iştirakla bağlı məsləhətləşmələr aparır

Siyasət Materials 6 Yanvar 2010 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyası parlament seçkilərində birgə iştirakla bağlı məsləhətləşmələr aparır.

"Aparıcı müxalifət partiyalarının seçkilərdə blok şəklində iştirakı indi ən ciddi müzakirə mövzusudur", - çərşənbə günü Trend -a Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Trend -un arayışı: Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ötən ilin axırlarında 2010-cu ilin demokratik seçki ili elan olunması təklifi ilə çıxış edib. Bundan əvvəlki seçkilər 2005-ci il noyabrın 6-da keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 dairədə keçirilir. Proporsional seçki sistemi 2002-ci ildə Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən sonra ləğv edilib.

Partiya sədri dairələr üzrə namizəd olmaq istəyən müxalifət yönlü şəxslərin vahid mərkəzdə qeydiyyata alınması təklifini də irəli sürüb.

Ağazadə Bakıda mərkəzi, rayonlarda isə dairələr üzrə qərargahların yaradılmasını da təklif edib.

Ağazadənin sözlərinə görə, əsas məqsəd parlament seçkilərinin daha demokratik keçirilməsinə nail olmaqdır.

"Müxalifətin seçkilərdə iştirakı ilə bağlı mənim irəli sürdüyüm təklifləri dəstəkləyənlər var, amma digər partiyalar fərqli təkliflər irəli sürüblər. Biz indi bütün təklifləri birgə müzakirə edib vahid bir mövqeyə gəlmək istiqamətində çalışırıq", - partiya sədri əlavə edib.

Onun fikrincə, ilkin müzakirələr yanvar ayının sonuna qədər başa çatmalıdır.

"Əsas fikir ayrılığı vahid namizədlərin müəyyənləşdirilməsi ilə bağlıdır. Zənnimcə, müzakirələr nəticəsində hamımızın maraqlarını təmin edəcək qərar qəbul edə biləcəyik", - Ağazadə vurğulayıb.

Müхаlifəti təmsil еdən Ümid Pаriyаsı 1993-cü ildə yаrаdılıb. 2002-ci ildə Vətəndаş Birliyi Pаrtiyаsı (VBP) Ümid Pаriyаsına birləşib. VBP-nin sədri оlmuş İqbаl Аğаzаdə Ümid Pаrtiyаsınа sədr sеçilib. Аğаzаdə Milli Məclisin dеputаtıdır.

"İqbal Ağazadənin 2010-cu ilin demokratik seçki ili elan olunması üçün irəli sürdüyü təkliflərlə tanış deyiləm. Amma müxalifətin parlament seçkilərində daha mütəşəkkil şəkildə iştirakı ilə bağlı müxtəlif təkliflər irəli sürülür", - çərşənbə günü Trend -a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Onun sözlərinə görə, Müsavatın seçkilərdə iştirakla bağlı birmənalı fikir irəli sürməsi hələ ki tezdir.

"Fikrimizcə, müxalifətin qarşısında duran əsas məsələ parlament seçkilərində necə və hansı qaydada iştirakla bağlı olmamalıdır. Biz ilk növbədə proporsional seçki sisteminin bərpa olunmasına nail olmalıyıq. Bundan başqa, seçkilərin demokratik keçirilməsi üçün Seçki Məcəlləsinə dəyişikliklər, seçki komissiyalarının formalaşdırılması qaydalarının dəyişdirilməsi və namizədlərin qeydə alınması zamanı depozit qoyulması üsulundan istifadə edilməsi qaydasına yenidən baxılması da prioritet məsələlərdəndir", - Hacılı xatırladıb.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında İsa Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Аzərbаycan Pаrlаmеntinin еks-spikеri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Pаrtiyа 4 nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti