...

Qazaxıstanın Cənubi Qafqazda donmuş münaqişələri həll etmək üçün böyük potensialı var - ATƏT PA-nın prezidenti Joao Soareş

Siyasət Materials 18 Fevral 2010 19:27 (UTC +04:00)
Cümə axşamı Avstriya paytaxtında başlayan ATƏT Parlamet Assambleyasının ikigünlük qış iclasının gündəliyində bir sıra mühüm məsələlər yer alıb. ATƏT-in üzv ölkələrindən olan parlamentarilər dondurulmuş münaqişələrdən irqi və dini nifrət zəminindəki cinayətlərə qədər müxtəlif məsələləri həll etməyə çalışırlar.
Qazaxıstanın Cənubi Qafqazda donmuş münaqişələri həll etmək üçün böyük potensialı var - ATƏT PA-nın prezidenti Joao Soareş

Avstriya, Vyana, 18 fevral / Trend , müxbir E.Manasiyeva/

Cümə axşamı Avstriya paytaxtında başlayan ATƏT Parlamet Assambleyasının ikigünlük qış iclasının gündəliyində bir sıra mühüm məsələlər yer alıb. ATƏT-in üzv ölkələrindən olan parlamentarilər dondurulmuş münaqişələrdən irqi və dini nifrət zəminindəki cinayətlərə qədər müxtəlif məsələləri həll etməyə çalışırlar.

Lakin dondurulmuş münaqişələr yəqin ki, ATƏT-in 2010-cu ildə Qazaxıstan sədrliyi altındakı işinin diqqət mərkəzində olacaq. Qazaxıstan ATƏT-ə sədrik edən ilk postsovet ölkəsidir. Təşkilatın Parlament Assambleyası rəsmi Astanaya böyük ümidlər bəsləyir.

ATƏT PA-nın prezidenti Joao Soareşin sözlərinə görə, Qazaxıstan keçmiş SSRİ ölkələri arasında silahsızlaşdırılmada və nüvə silahından azad zonanın yaradılmasında çox mühüm rol oynayıb. O, gələcəkdə də, xüsusilə, dondurulmuş münaqişələr barəsində çox işlər görə bilər.

"Biz çalışırıq ki, bizim qarşısında öhdəçilik daşıdığımız regionlar gələcəkdə bu öhdəliklərə ehtiyac duymasınlar. Buna görə də bizim oynamağa hazırlaşdığımız rol çox mühümdür. Münaqişələrin həll edildiyini görmək fərəhlidir", - Soareş assambleyadakı çıxış nitqində deyib.

Joao Soareş tezliklə ATƏT PA-nın Dağlıq Qarabağ üzrə həmməruzəçisi Qoran Lenmarkerlə Cənubi Qafqaz regionuna - Azərbaycan və Ermənistana səfər etməyi planlaşdırır.

"Səfərin dəqiq tarixi hələlik müəyyən edilməyib", - ATƏT PA-nın ictimaiyyətlə əlaqələr üzrə direktoru Klas Berqman Trend -a deyib.

O vurgulayıb ki, bu, Soareşin ATƏT PA-nın prezidenti kimi regiona ilk səfəridir və əlbəttə ki, o, Dağlıq Qarabağ və Gürcüstandakı vəziyyət üzrə xüsusi səfir Lenmarkerlə birgə səfər etmək istəyir.

"Bu, rəsmi səfərdir. Səfər zamanı münaqişənin sülh yolu ilə nizamlanması prosesində irəliləmək üçün hansı tədbirlərin görüləcəyi barədə çoxlu müzakirələr aparılacaq", - Berqman deyib.

Onun sözlərinə görə, ATƏT artıq bir neçə ildir bu istiqamətdə inadla çalışır. Lenmarker regiondakı proseslərdə fəal iştirak edir və Dağlıq Qarabağ prosesinin irəliləməsi üçün əlindən gələni edir. İşlər bundan sonra da davam edəcək.

"Bizim uğura nail olmaq üçün dəqiq tariximiz yoxdur. Lakin hesab edirik ki, münaqişə hər hansı müəyyən vaxtda həll ediləcək. Lakin biz dondurulmuş münaqişələri həll etmək üçün irəli getməyə davam edəcəyik", - Berqman deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddialarına görə yaranıb. Dağlıq Qarabağ və ona bitişik olan yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs əldə ediblər və indiyədək ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də səmərəsiz sülh danışıqları aparılır.

Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev öz növbəsində bildirib ki, onun ölkəsi donmuş münaqişələrin nizamlanmasında öz böyük töhfəsini vermək niyyətindədir.

"Tezliklə Madrid prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq lazımdır. Münaqişə sülh yolu ilə həll edilməlidir. Biz regionda etibarı möhkəmləndirmək üçün bütün vasitələrdən istifadə etməliyik", - Saudabayev deyib. O, münaqişə regionunda yaşayan insanların layiqli həyat səviyyəsinə nail olmasının vacibliyini vurğulayıb və bildirib ki, Qazaxıstan ATƏT sədri kimi bütün diqqətini bunun üzərində cəmləyəcək.

Saudabayev, həmçinin cəlb edilən tərəflərin demokratikləşməyə davam etməsinin vacibliyini xatırladıb və bu il Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə bağlı ATƏT-dən müşahidəçilər göndərilməsinin vacibliyini vurğulayıb.

"Bu proses ləng irəliləyə bilər. Lakin düzgün istiqamətdə daima inkişaf edən proses olmalıdır", - Saudabayev deyib.

Xəbər lenti

Xəbər lenti