...

Küveyt -Azərbaycan əlaqələrini möhkəm təməl üzərində qurmaq istəyirik - Küveyt səfiri Ğəssan Yusif əl-Zəvavi (MÜSAHIBƏ)

Siyasət Materials 22 Fevral 2010 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir R.Hafizoğlu/

Trend -un Yaxın Şərq redaksiyasının Küveyt Dövlətinin Fövqəladə və Səlahiyyətli Səfiri Cənab Ğəssan Yusif əl-Zəvavi ilə müsahibəsi

- Azərbaycan ilə Küveyt arasında hazırkı ikitərəfli münasibətlərin səviyyəsini siz necə qiymətləndirirsiniz və yaxın perspektiv üçün sizin fəaliyyətinizin əsas prioritetləri hansılardır?

- Hər şeydən əvvəl, Trend İnformasiya agentliyinə bizə göstərdiyi diqqətə görə təşəkkür edir, işində ona uğurlar diləyir və Trend kimi nüfuzlu bir agentliklə səfirliyimiz arasında mütəmadi iş birliyinin qurulmasını arzuladığımızı bildirirəm. Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasındakı ikitərəfli əlaqələr müəyyən geosiyasi amillərin bir-biri ilə birləşdirdiyi və öz spesifikliyi ilə seçilən əlaqələrdir. Belə ki, Küveyt və Azərbaycan kiçik dövlətlərdir, onların hər biri heç də ən yaxşı olmayan "dostlar" və ya qonşularla əhatə olunublar. Küveyt Dövləti ilə Azərbaycan Respublikası həm də yeraltı sərvətlər baxımından bir-birinə bənzəyirlər. Mənim üçün böyük fəxrdir ki, dünyada neftin sənaye üsulu ilə ilk dəfə çıxarıldığı Azərbaycanda işləyirəm. Halbuki, deyilir ki, neft sənaye üsulu ilə ilk dəfə Pensilvaniyada çıxarılıb. Bu məsələni öyrəndim və aydın oldu ki, bu səhv fikirdir; neft ilk dəfə sənaye üsulu ilə Bibi Heybətdə çıxarılıb və bu hadisə Pensivaniyada neftin sənaye üsulu ilə çıxarılmasından yeddi il əvvəl baş verib. Mən neft mütəxəssisi olmasam da bu barədə mütəxəssislərdən soruşdum, onlar da çoxlarının nəzərə almadığı bu həqiqəti təsdiq etdilər.

Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında əlaqələr, siyasi və mədəni sahələrdə ən yüksək səviyyədədir. Mən bu işi davam və daha da inkişaf etdirmək üçün gəlmişəm, boş qayanı qazımaq və ya yeni bir şey yaratmaq üçün gəlməmişəm. Bu bir həqiqətdir ki, hələ siyasi əlaqələr qurulana qədər də çox işlər görulüb. Küveytlə Azərbaycan arasında humanitar, mədəniyyət, bir müsəlman olaraq müştərək İslam mədəniyyəti və başqa sahələrdə əlaqələr, yolumuzu işıqlandıran məqamlar var.

Etimadnaməmi təqdim etmək üçün Azərbaycan Pespublikasının Prezidenti Əlahəzrət İlham Əliyevlə görüşəndə mən böyük hörmətlə qarşılandım, bizim söhbətimiz qısa oldu. Onun bu barədə tövsiyə və tapşırıqlarını dinlədim, Prezident mənə bizim siyasi, dini və mədəni əlaqələrimizin əla vəziyyətdə olduğunu, lakin iqtisadi əlaqələrimizdə çatışmazlıq olduğunu, iqtisadi əlaqələrimizin də ən azından artıq inkişaf etmiş başqa əlaqələr səviyyəsinə çatmasını istədiyini deyəndə, onun bir Prezident kimi arzuları diqqətimi cəlb etdi. Bunu mən öz işimdə əsas tuturam.

Sualınızın prioritetlərimiz barədə ikinci hissəsinə cavab olaraq demək istərdim ki, bizim üçün prioritet sahə möhkəm təmələ əsaslanan davamlı iqtisadi əlaqələr qurmaqdır. Biz keçici, vaxt keçdikcə və ya şərait dəyişdikcə sona çatan ticarət fəaliyyətləri üçün səy göstərmirik. Biz iqtisadi əlaqələrimizi möhkəm təməl üzərində qurmaq istəyirik.

- Cənab səfir, Dağlıq Qarabağ məsələsində rəsmi Küveytin mövqeyi necədir? Bu problemin həlli üçün rəsmi Küveyt nə kimi təkliflərlə çıxış edə bilər?

- Küveyt Dövlətinin rəsmi mövqeyi məlumdur və beynəlxalq təşkilatlar və BMT səviyyəsində elan olunub. Bu, beynəlxalq qanunlara əsaslanan və Azərbaycanın öz bütün torpaqları üzərində süveren hüququnu təsbit edən açıq, aydın və qəti bir mövqedir. Küveyt Dövləti olaraq biz 1990-cı ildə acı bir təcrübəni yaşadıq, bizim mövqeyimiz elə bu cür qəti olmalıdır, çünki biz zor, güc tətbiqi və işğal nəticəsində öz torpağından məhrum insanların keçirdiyi hissləri yaxşı başa düşürük.

Qarabağ münaqişəsinin həlli yolunda Küveyt Dövlətinin ata biləcəyi addımlara gəlincə, mən 1990-ci il avqustun 2-də baş vermiş Küveytin işğalı hadisəsindən çıxış edərək öz şəxsi təcrübəmə əsasən bir sıravi şəxs kimi sizə, əgər mümkünsə bir nəsihət, bir təklif olaraq deyə bilərəm ki, Dağlıq Qarabağ və bütün Azərbaycan sakinlərinin özlərinə olan inamının bərpa edilməsinə böyük diqqət yetirilməlidir ki, onlar ümidsizliyə qapılmasınlar. Çünki haqq işinə inam sakinlərin haqlarının onlara qaytarılmasında ən önəmli və ən böyük amildir. İnsanlar haqq işinə olan inamı itirsələr, beynəlxalq vəziyyət əlverişli olduqda belə, öz haqlarını itirə bilərlər. Bu mənim şəxsi fikrimdir.

- Azərbaycan və Küveyt arasında təhsil sahəsində əməkdaşlıq nə səviyyədədir, ölkələr arasında tələbə mübadiləsi mövcuddurmu? Təhsil sahəsində ikitərəli əməkdaşlığın inkişafı üçün nə kimi tədbirlər görülür?

- Düzünü desək, təəssüf ki, bu elə sahələrdəndir ki, burada bir sıra obyektiv səbəblər Küveytlə Azərbaycan arasında yüksəksəviyyəli əlaqələrin qurlumasına mane olur, bu sahədə əlaqələrimiz məhduddur. Bunun da səbəbi odur ki, istər Küveyt, istərsə də Azərbaycan hər hansı bir sahədə elmi mərkəz sayılmırlar. Fikrimcə, bu belədir və acı bir həqiqətdir. Əlbəttə, biz bunun başqa cür olmasını istərdik. Buna nail olsaq, çox yaxşı olar. O zaman əlaqələr də normallaşar. İki ölkə arasında mədəni əlaqələr, o cümlədən tələbə mübadiləsi müəyyən amillərə əsaslanır və siyasi qərarlarla həyata keçirilmir.

Məsələn, tutaq ki, sizin kiçik qardaşınız var və o, nüvə fizikasını öyrənmək istəyir. Sizin Küveytlə yaxşı münasibətlərimiz var deyə, qardaşınızı mütləq ora təhsil almağa göndərmək istəsəniz, o, sizi obyektiv olmağa və reallıqdan çıxış etməyə çağıracaq. Doğurdan da mədəni əlaqələrin inkişafını, həmçinin tələbə mübadiləsini stimullaşdıran amillər siyasi qərarlara əsaslanmır. Bəli, siyasi qərar bu sahədə bir zəmin yaradır. Küveyt Dövlətinin müəyyən bir təhsil kvotası var və mən "Küveyt övladları" adlandırdığım və Küveytdə təhsil alan bəzi azərbaycanlılarla işləməkdən şərəf hissi duyuram. Lakin biz inad göstərib, bunu qarşımıza bir məqsəd kimi qoymaq istəsək, bir o qədər də doğru olmaz. Çünki bunun tez bir zamanda reallaşacağına bir o qədər də inanmıram.

- Azərbaycan-Küveyt İnvestisiya Şirkəti (KAIC) 2010-cu ildə strateji layihələrin maliyyələşdirilməsi zamanı Azərbaycanın tikinti sektoruna üstünlük verəcəkmi? Ümumilikdə, Azərbaycanın tikinti və qeyri-neft sektorlarının inkişafını necə qiymətləndirirsiniz?

Azərbaycan-Küveyt İnvestisiya Şirkəti hələ "körpədir". Biz səfirlik olaraq, bu təcrübəyə diqqət və qayğı ilə yanaşırırıq. Çünki o, yeni bir təcrübədir, əgər onun taleyinə "uğur yazılıbsa", o bir başlanğıc, Azərbaycanda Küveyt investisiyalarının yoluna nur saçan bir məşəl olacaqdır.

Bunu bilməyiniz ola bilər ki, faydalı olsun: Küveytin xüsusi sektoruna aid bir statistik məlumatda deyilir ki, ABŞ-da baş verən 11 sentyabr hadisəsinin ardınca Amerika hökuməti daxili səbəblərə əsaslanaraq maliyyə əməliyyatları ətrafında vəziyyəti gərginləşdirdikdə, bu sahədə xüsusi qərarlar qəbul etdikdə, Küveytə məxsus 400 milyard dollar həcmində böyük pul vəsaiti ölkəyə qaytarıldı. Bu vəsaitlər dövlətə deyil, xüsusi sektora məxsus idi. Bildiyiniz kimi, kapital "qorxaq" olur və bu belə də olmalıdır. Kapital artmalı, inkişaf etməlidir. Əgər inkişafdan qalarsa, öz mövcudluğunda riskə getmiş olur.

Küveyt-Azərbaycan İnvestisiya Şirkətinin təcrübəsi, həmçinin onun uğurları da bizi çox maraqlandırır. Birincisi, ona görə ki, dediyim kimi, bu, Küveyt xüsusi sektoruna aid bir təcrübədir, Küveyt tərəfi burada birjada qeydiyyata alınmış, hətta Küveyt birjasında xüsusi çəkiyə malik bir şirkətlə təmsil olunub. Başqa bir önəmli səbəb odur ki, bu, Azərbaycan hökumətinin öz İnvestisiya Fondu ilə iştirak etdiyi ilk birgə şirkətdir. Üçüncüsü, ona görə ki, bu, fərdlərin deyil, korporativ (hüquqi şəxsin qoyduğu) investisiyadır. Fərdi investisiyalardan danışsaq, deməliyik ki, onlar daha əvvəl olublar. Bir Küveyt vətəndaşı 12 il bundan əvvəl Azərbaycana gələrək restoran biznesinə investisiya qoyuluşu ilə məşğuldur. Bu adam Küveytin tanınmış kübar ailələrindən birindəndir, çox təcrübəli bir səfirin oğludur. Bu, Azərbaycanda ilk Küveyt investisiyasıdır ki, 12 illik tarixə malikdir. Bu şirkət isə hüquqi şəxsdir. Onun uğuru bizim üçün cox önəmlidir və biz bu şirkətə uğurlar arzulayırıq. Biz həmçinin çox istərdik ki, Küveyt Dövləti və Azərbaycan Respublikası da gələcəyə yönəlmiş bu təcrübənin uğur qazanmasında qarşılıqlı şəkildə maraqlı olsunlar.

- Azərbaycanla Küveyt arasında ticarət sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin hazırlığı hansı mərhələdədir?

- Azərbaycan Prezidenti Küveytdə olduğu zaman beş saziş imzalandı ki, bu sənədlər iki dövlət arasında əlaqələrin və sazişlərin infrastrukturunu təşkil edir. Bunlardan investisiyaların təşviqi və qorunmasına, ikiqat vergi qoyuluşunun aradan qaldırılmasına, iqtisadi və texniki əməkdaşlığa dair ümumi saziş və b. göstərmək olar. Lakin sazişlərin sayı əsas deyil, əsas olan bu sazişlərin insanların gediş-gəlişinin, iki ölkə arasında mal dövriyyəsinin və investisiya qoyuluşunun həyata keçirilməsi üçün imkan yaratmasıdır. Bu o deməkdir ki, saziş özü-özlüyündə hədəf deyil, o bir vasitədir ki, yol açır. Yolsuz heç yerə getmək olmaz. Sazişlər də bir yoldur ki, bizi hədəfə çatdırır. Həmçinin bilməliyik ki, sazişlər iki ölkə arasındakı iqtisadi əlaqələri aktivləşdirmək və onların təşviqi üçün bir başlanğıcdır.

- Küveyt İqtisadi İnkişaf Fondu Azərbaycan iqtisadiyyatına investisiya yatırılması prosedurunu və şərtlərini yumşaltmağa hazırdırmı?

- Küveyt İqtisadi İnkişaf Fondu müəyyən vaxt ərzində bir sıra layihələrin həyata keçirilməsinə yardım edib. O, Yaxın Şərqdə yaranma tarixi etibarilə ən qədim inkişaf fondu olub, inkişaf etməkdə olan və ehtiyacı olan dost dövlətlərə kömək məqsədilə Küveyt Dövləti tərəfindən təsis edilib. Ötən bir necə il ərzində Fond Azərbaycana da güzəştli kreditlər verib, Bakı dairəvi yolunun tikintisini maliyyələşdirib. Bu yolu Küveyt İqtisadi İnkişaf Fondu çəkib. Küveyt İqtisadi İnkişaf Fondunun iş üslubu belədir ki, başqalarından fərqli olaraq, öz işi barədə, başqa ölkələrə göstərdiyi yardımlar barədə çox az məlumat verir. Bundan bir təbliğat vasitəsi kimi istifadə etmir. Küveyt İqtisadi İnkişaf Fondunun qurulmasının əsasında "sağ əlin verdiyindən sol əlin xəbəri olmamalıdır" kimi İslam və ərəb prinsipi durur.

Küveyt Dövlətinin sabiq əmiri Cabir Əhməd bu məsələ ilə bilavasitə məşğul idi. Elə bu səbəbdən də bir çox dövlətlər Küveyt İnkişaf Fondunu üstun tuturlar. Bu gün Azərbaycan öz firavanlığını bərpa edib, neft istehsalı inkişaf edir, neft hasilatının həcmi artır. Bu gün Azərbaycan zəngin ehtiyatlara malikdir. Görüşdüyüm rəsmilərdən bəziləri deyirdilər ki, Azərbaycan artıq zəngin ölkə olub. Mənsə deyərdim ki, bu səhv fikirdir. Azərbaycan həmişə zəngin olub, maddi ehtiyatların olmaması heç də bu ölkənin kasıb olması demək deyil. Kasıblıq var-dövlətə görə deyil. Kasıblıq insanın şüurunu itirməsidir. Misal olaraq, Banqladeşi göstərmək olar. Maddi meyarlar baxımından kasıb dövlət sayılır. Doğrudanmı o kasıbdır? Nobel mükafatı laureatı professor Məhəmməd Yunisi götürək. O, kasıblar üçün iqtisadi cəhətdən zəif olan sahələrin inkişafında keyfiyyət baxımından əfsanə sayılan Bank yaratdı və onlara dövlət quruculuğunda iştiraka imkan yaratdı. Bu dövlət kasıb sayıla bilərmi? Düşünürəm ki, bu anlayışın mənasına yenidən baxılmalıdır.

Tam əminliklə demək olar ki, Azərbaycanın son vaxtlar hər hansı bir yardıma ehtiyacı yoxdur. Mənim bununla bağlı hər hansı bir istəyin olması barədə məlumatım yoxdur. Adəti üzrə belə yardımı və krediti istəyən tərəf mövcud kanallarla əlaqa yaradır və öz istəyini bildirir. Deməli, məsələ Azərbaycan tərəfi ilə, onun belə bir istəkdə olub-olmaması ilə bağlıdır. Lakin mən bunu düşünmürəm. Düşünürəm ki, Azərbaycanın maddi sərvətləri və onun müdrik rəhbərliyi belə bir ehtiyacın yaranmasına imkan verməz.

Son olaraq nəzərinizə çatdırmaq istərdik ki, Küveyt Dövləti hər il olduğu kimi, bu il də fevralın 25-də Milli bayramını və fevralın 26-da Azadlıq bayramını qeyd edəcək. Bu münasibətlə səfirlik fevralın 24-də təntənəli qəbul təşkil edir. Bir daha Azərbaycan-Küveyt əlaqələrinə uğurlar arzulayıram.

Xəbər lenti

Xəbər lenti