...

Azərbaycan Parlamentində ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yürütdüyü siyasətə etiraz edilib

Siyasət Materials 20 Aprel 2010 12:56 (UTC +04:00)
Azərbaycan Parlamentinin hakim partiyadan olan deputatları hesab edirlər ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yürütdüyü siyasətə etiraz edilməlidir.
Azərbaycan Parlamentində ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yürütdüyü siyasətə etiraz edilib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin hakim partiyadan olan deputatları hesab edirlər ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yürütdüyü siyasətə etiraz edilməlidir.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını üzərinə götürən həmsədr ölkələrdən biri kimi ABŞ-ın indiki mövqeyi bu ölkə ilə Azərbaycan arasında münasibətlərin xarakterinə uyğun deyil", - Trend-in məlumatına görə, çərşənbə axşamı Milli Məclisin iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, ABŞ Azərbaycanın maraqlarının ziddinə olaraq Ermənistana maliyyə dəstəyi verir.

"Bu, özünü dünyada demokratiyanın carçısı kimi təqdim edən ABŞ-ın missiyasına uyğun gəlmir", - millət vəkili əlavə edib.

Onun fikrincə, Azərbaycan Parlamenti bununla bağlı ciddi mövqeyini bildirməlidir: "Azərbaycan ictimaiyyəti, xüsusilə də siyasi partiyalar ABŞ-ın bu mövqeyinə etirazlarını açıq şəkildə ortaya qoymalıdır", - Əhmədov vurğulayıb.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində bəzi dövlətlərin tutduğu qərəzli mövqe tamamilə Azərbaycanın əleyhinə yönəlib", - hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Onun fikrincə, Azərbaycanın daxilindəki bəzi qüvvələr də bəzi dövlətlərin indiki mövqeyinin dəstəkçisi kimi çıxış edirlər: "Bütün bunları nəzərə alaraq, Azərbaycan dövlətinin maraqlarının ziddinə olan proseslərə kəskin münasibət bildirilməlidir", - o əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti