Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A.Hüseynbala /
Azərbaycan Parlamentinin deputatları AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün Fransaya gedəcəklər.
"Aprelin 26-dan 30-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək", - cümə axşamı Trend-ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Gültəkin Hacıbəyli, Qənirə Paşayeva, Rəfael Hüseynov, Aydın Abbasov və Sabir Hacıyev daxildirlər. "Sessiyada Assambleya Bürosunun, Daimi Komitənin görülən işlər barədə hesabatları dinləniləcək, ekstremizmlə mübarizə, dünya iqtisadi böhranının təsirləri, Gürcüstan və Rusiya arasında müharibənin nəticələri, miqrantlar və qaçqınlar, iqlim dəyişikliyi, Çernoqoriya tərəfindən öhdəliklərin yerinə yetirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq", - məlumatda vurğulanır.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.