...

Brüsseldə Gürcüstanla Aİ arasında viza rejimi haqqında saziş imzalanıb

Siyasət Materials 17 İyun 2010 18:53 (UTC +04:00)
Sazişi Gürcüstan tərəfdən xarici işlər naziri Qriqol Vaşadze, Avropa İttifaqı tərəfdən isə ittifaqa sədrlik edən İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos və daxili işlər üzrə Avropa komissarı Sesiliya Malmsterm imzalayıblar.
Brüsseldə Gürcüstanla Aİ arasında viza rejimi haqqında saziş imzalanıb

Gürcüstan, Tbilisi, 17 iyun /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Brüsseldə Gürcüstanla Avropa İttifaqı arasında vizaların verilməsi prosedurunun sadələşdirilməsi haqqında saziş imzalanıb. Sazişi Gürcüstan tərəfdən xarici işlər naziri Qriqol Vaşadze, Avropa İttifaqı tərəfdən isə ittifaqa sədrlik edən İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos və daxili işlər üzrə Avropa komissarı Sesiliya Malmsterm imzalayıblar. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumatda deyilir.

Tərəflər bu sənədin vacibliyini qeyd ediblər. Vaşadze vurğulayıb ki, bu, Gürcüstanın Avropa strukturlarına inteqrasiyası və yaxınlaşması yolunda ilk ciddi addımdır. "Biz yeddi sənəd hazırlamışıq və bu sənədlər yaxın günlərdə imzalanacaq", - o deyib.

Saziş yenidən qəbuletmə haqqında razılaşma ilə birlikdə Avropa və Gürcüstan parlamentləri tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.

Gürcüstanla Aİ arasında viza rejiminin verilməsi prosedurunun sadələşdirilməsi haqqında imzalanan saziş Gürcüstan və Avropa İttifaqı dövlətlərinə (Danimarka Krallığı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İrlandiyadan başqa) aiddir.

Sazişə əsasən, Gürcüstan vətəndaşları üçün viza ərizələrinə baxmaq rüsumu 60 avrodan 35 avroya endirilib. Aİ ərazisində 22 kateqoriyalı şəxslər üçün saziş iştirakçıları olan ölkələrdə viza rejiminin alınması proseduru sadələşdirilir. Həmçinin, 12 kateqoriyalı şəxslər viza ərizəsinə baxılmaq rüsumundan azad olunurlar. Təqdim olunan sənədin 13 kateqoriyalı növü üçün vizanın alınması fərdi qaydada müəyyən olunub.

Vizanın verilməsi qərarı müvafiq sənədlər və ərizələrin verildiyi andan etibarən 10 gün müddətində qəbul olunur. Xüsusi hallarda vizanın verilməsi müddəti 30 günə qədər artırıla və iki günə qədər azaldıla bilər.

Xəbər lenti

Xəbər lenti