...

Azərbaycanda müxalif "Azadlıq" blokuna alternativ blokun yaradılması təxirə salınıb

Siyasət Materials 27 İyul 2010 17:20 (UTC +04:00)
Müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) və Liberal Partiyasının seçki bloku yaratmaq planları təxirə salınıb.
Azərbaycanda müxalif "Azadlıq" blokuna alternativ blokun yaradılması təxirə salınıb

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir T.Hacıyev/

Müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) və Liberal Partiyasının seçki bloku yaratmaq planları təxirə salınıb. Bu barədə çərşənbə axşamı Trend-ə VİP sədri Əli Əliyev bildirib.

"Keçən həftənin sonlarında hər iki partiya rəhbəri biraraya gələrək seçki blokunun yaradılması məsələsini müzakirə etdi. Belə qərara gəldik ki, blokun yaradılmasını sentyabr ayının əvvəllərinə qədər ertələyək. Bununla belə, blokun təsisçiləri ilə bağlı müəyyən qərarımız, mövqeyimiz var. Sentyabr ayında blokun cəmiyyətə təqdim edilməsi prosesi başlayacaq", - Əliyev əlavə edib.

İyulun 13-də "Azadlıq" blokuna daxil olan AXCP-nin Müsavat Partiyası ilə seçki blokunun yaradılması haqqında qərar verməsi xəbəri yayıldıqdan sonra bloka daxil olan digər partiyalar blokun fəaliyyətinin dayandığını elan etdilər.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunurdu.

Əliyevin sözlərinə görə, blokun yaradılması ilə bağlı lazım olan hazırlıq işlərinə başlanılıb. "Blokun təsisçiləri haqqında da razılıq əldə edilib. Bizimlə əməkdaşlıq etmək istəyən bir çox fərdi namizədlər, ictimai-siyasi təşkilatların müraciətləri var. Bizimlə əməkdaşlıq edəcək təşkilat və şəxslər cəmiyyətdə təsir imkanlarına malik olmalıdır. Ona görə də qərara alınıb ki, blokla əməkdaşlıq etmək istəyənlər barəsində araşdırma aparılsın. Bizim məqsədimiz ondan ibarətdir ki, yaradacağımız seçki bloku parlament seçkilərində əsas blok kimi çıxış etsin", - Əliyev bildirib.

Partiya sədri bloku təsis edəcək təşkilatların adlarını açıqlamayıb.

"Bu vaxta qədər "Azadlıq" blokunda əməkdaşlıq edən hər iki partiya blokda təmsil olunacaq. VİP və ALP-dən əlavə, bloka bir partiya da qoşulacaq. Hazırda ciddi məsləhətləşmələr həyata keçirilir. Qəti qərar veriləndə cəmiyyətə də bu barədə məlumat veriləcək", - Əliyev deyib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti