...

Parlament seçkisinə namizədlərin müəyyənləşməsində çətinliklər var - Azərbaycanın müxalifət partiyasının başqanı

Siyasət Materials 23 Avqust 2010 10:53 (UTC +04:00)
Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyası ilə namizədlərin müəyyənləşdirilməsində çətinliklər var.
Parlament seçkisinə namizədlərin müəyyənləşməsində çətinliklər var - Azərbaycanın müxalifət partiyasının başqanı

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyası ilə namizədlərin müəyyənləşdirilməsində çətinliklər var, - Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

"İki partiyanın namizədləri razılaşdırması prosesi mürəkkəb prosesdir. Biz yolun əksər hissəsini keçmişik və birgə iştirak məsələsi ilə bağlı, birgə siyahı ilə bağlı məsələlərin həlli yekunlaşmaq üzrədir. Təbii ki, çətinliklər də var. Çünki dairələrin hamısında namizədləri razılaşdırmaq o qədər də sadə məsələ deyil. Biz demokratik təşkilatlarıq. Seçkilərdə iştirak etmək istəyən namizədlərdən birinin güzəştə getməsi o zaman olur ki, onlar buna hazır olsunlar", - Qəmbər deyib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib. Hazırda hər iki partiyanın birgə seçki bloku yaratması ətrafında danışıqlar gedir.

Başqanın sözlərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə seçkilərdə birgə iştirakla bağlı müzakirələr kifayət qədər səmərəli və konstruktiv şəraitdə keçir.

"Biz onların mütləq kənara çəkilməsini düzgün hesab eləmirik. Ona görə də 125 dairədən neçəsində razılaşdırmaq mümkün olacaqsa, həll ediləcək. Ola bilər ki, müəyyən saylı dairələr sərbəst buraxılacaq və orada hər istəyən şəxs öz namizədliyini verə biləcək", - Qəmbər əlavə edib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti