Тürkmənistan, Aşqabad, 31 avqust /Trend, müxbir H.Həsənov/
Konqresin Xarici əlaqələr komitəsinin üzvü Brent Vulforkun rəhbərliyi ilə ABŞ nümayəndə heyəti Aşqabada rəsmi səfər edib. Məlumatı Türkmənistan hökumətinin mətbuat xidməti yayıb.
ABŞ-ın yüksəkvəzifəli nümayəndəsi Türkmənistanın parlamenti, Xarici İşlər Nazirliyi, Neft-Qaz Sənayesi və Mineral Ehtiyatlar Nazirliyi tərəfindən qəbul olunub.
Vulfork parlamentin fəaliyyəti ilə tanış olub və son illər yeni müsbət dinamika ilə inkişaf edən Türkmənistan-ABŞ əməkdaşlığının gələcək perspektivlərini müzakirə edib.
Görüş zamanı parlamentlərarası əlaqələrin gələcəkdə möhkəmləndirilməsi məsələlərinə də baxılıb.
Vulfork həmçinin Türkmənistan Elmlər Akademiyasının bazasında İnteraktiv-multimedia internet mərkəzinin fəaliyyəti ilə tanış olmağı, ölkənin Milli Tarix muzeyinə baş çəkməyi planlaşdırır.