...

İranın nüvə proqramı üzrə yeni danışıqlar da nəticəsiz olacaq – ekspertlər

Siyasət Materials 16 Sentyabr 2010 14:15 (UTC +04:00)
İranın nüvə proqramı üzrə yeni danışıqlar onların formatından, orada Türkiyə və Braziliyanın, eləcə də "altılıq"la yanaşı, hansısa digər ölkənin iştirak edib-etməməsindən asılı olmayaraq, yenə arzuolunan nəticəni verməyəcək, - ekspertlər belə hesab edirlər.
İranın nüvə proqramı üzrə yeni danışıqlar da nəticəsiz olacaq – ekspertlər

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir T.Konyayeva/

İranın nüvə proqramı üzrə yeni danışıqlar onların formatından, orada Türkiyə və Braziliyanın, eləcə də "altılıq"la yanaşı, hansısa digər ölkənin iştirak edib-etməməsindən asılı olmayaraq, yenə arzuolunan nəticəni verməyəcək, - ekspertlər belə hesab edirlər.

"Nüvə məsələsi ilə bağlı İranla istənilən formatda aparılan danışıqlarda uğur şansı sıfıra bərabərdir", - Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski Trend-ə elektron-poçtla bildirib. - "Əhmədinejad və Möttəki hansısa mülahizələrə görə, çox güman ki, Türkiyə və Braziliyanın kifayət qədər güclü müttəfiq sayılmadıqlarına əmin olduqlarından, formatı dəyişməyi qərara alıblar".

Bazar ertəsi İran xarici işlər naziri Mənuçöhr Möttəki nüvə yanacağının mübadiləsi üzrə sazişin yalnız Vyana qrupu (BAEA, Rusiya, ABŞ və Fransa) çərçivəsində müzakirə olunacağını bildirib. Beləliklə, Türkiyə və Braziliya nüvə yanacağı ilə bağlı danışıqlardan kənarda qalıb.

Professor Barri Rubin (Barry Rubin) yeni danışıqların uğursuzluğa düçar olması fikri ilə razıdır.

"Danışıqlar uğursuzluğa düçardır", - Beynəlxalq Münasibətlər Sahəsində Qlobal Araşdırmalar Mərkəzinin (GLORIA) direktoru Rubin elektron-poçtla Trend-ə bildirib. - "İran yalnız nüvə silahının əldə olunmasında maraqlıdır və onların hazırda etdikləri istənilən təklif vaxt qazanmağa yönəlib. Əsasən, bu təkliflər onların ilk dəfə irəli sürdükləri, daha sonra isə bir ildən çox təxirə saldırları təkliflərdən fərqlənmir".

İranmənşəli britaniyalı analitik Reza Təqizadənin (Reza Taghizadeh) fikrincə, hazırkı şəraitdə İran öz mövqeyini dəyişməyə hazır deyil; XİN rəhbərinin bəyanatı isə yalnız vaxt qazanmağa və nüvə proqramını eyni yolla davam etdirməyə yönəlib.

"İranın öz nüvə proqramına dair prinsipləri dəyişməyib, hətta dəyişiklik gözlənilmir", - Qlazko Universitetinin professoru Təqizadə telefonla Trend-ə bildirib. - "İranın siyasətində heç bir dəyişiklik müşahidə olunmur, Möttəkinin çıxışı isə bu məsələdə hansısa dəyişikliyin göstəricisi deyil".

O hesab edir ki, nüvə məsələsinin həllində vasitəçiliyə qoşulmuş Braziliya və Türkiyə İranı öz mövqeyini dəyişməsinə razı sala biləcəklərini düşünürdülər.

"Lakin Türkiyə və Braziliya 1929 saylı qətnamə qəbul edildikdən sonra anladılar ki, İranı öz yolundan döndərmək mümkün olmayacaq və onların səyləri nəticəsiz qalıb", - Təqizadə bildirib. - "Bu ölkələrin vasitəçiliyə maraqları azalıb, ona görə İran da bu ölkələrin danışıqlarda iştirakında israr etmir".

Mayın 17-də isə Braziliyanın iştirakı ilə İran və Türkiyə 1 200 kq zəif zənginləşdirilmiş uranın Türkiyə ərazisində 20 faizlik yanacaqla mübadiləsi barədə üçtərəfli bəyannamə imzalayıblar. Bu ölkələrin xarici işlər nazirləri Tehrandakı nüvə reaktoru üçün İranın malik olduğu az zənginləşdirilmiş (3,5 faizədək) uranın yüksək zənginləşdirilmiş (20 faizədək) yanacaqla mübadiləsi barədə saziş layihəsi imzalayıblar. Sənədə görə, mübadilə Türkiyə ərazisində həyata keçiriləcək. Razılaşma çərçivəsində, İran Türkiyəyə özünün malik olduğu 1,2 ton azzənginləşdirilmiş uranı Türkiyəyə göndərməli və əvəzində 120 kiloqram nüvə yanacağı almalıdır.

Təqizadə güman edir ki, əgər Vyana qrupunun təklifinin başlıca məqsədinə nail olunarsa, BMT Təhlükəzilik Şurası, BAEA və dünya birliyi İranın nüvə proqramını qəbul edə bilər. Həmin məqsədlərdən biri İranı malik olduğu 3,5 faizlik uranı müstəqil olaraq yanacağa çevirməkdən və sonradan nüvə bombası istehsal etməkdən məhrum etməkdir.

Ötən ilin oktyabrında Vyana qrupu tərəfindən plan təklif olunmuşdu. Həmin plana görə, İranın malik olduğu azzənginləşdirilmiş (3,5 faizlik)uran 20 faizədək zənginləşdirilmək üçün Rusiyaya ixrac olunsun, daha sonra isə Tehran tibb reaktoru üçün yanacaq hazırlanması üçün Fransaya göndərilsin. Lakin Tehran bəyan etdi ki, daha yüksəkzənginləşdirilmiş uran almağa və ya öz ehtiyatlarını mübadiklə etməyə yalnız mübadilənin sinxron qaydada və İran ərazisində aparılması şərtilə razıdır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) təşəbbüslərinə görə, İrana ixrac olunması planlaşdırılan xarici nüvə yanacağı üçün əsas material Nətənzdəki müəssisədə işlənmiş azzənginləşdirilmiş uran (AZU) olmalıdır ki, bu da İranın malik olduğu ehtiyatların (ekspertlərin hesablamalarına görə, 1 500 kq) 80 faizini təşkil edir. BAEA-nın baş direktoru Yukiya Amanonun may ayındakı məruzəsində qeyd olunub ki, İran artıq 4,8 faizədək zənginləşdirilmiş 2 427 kiloqram uran toplayıb, daha doğrusu, ilkin şərt olaraq göstərilən 1 200 kiloqram hazırkı məqamda İranda işlənmiş uranın bütün miqdarının yalnız 45 faizini təşkil edir.

Avropalı ekspert Jan Paskal Zandersin (Jean Pascal Zanders) sözlərinə görə, yeni danışıqların effektivliyi çox çətin məsələdir. Çünki bir tərəfdən, yayda BMT-nin qəbul etdiyi qətnamə və bir sıra ölkələrin İrana qarşı sanksiyaları sərtləşdirməsi mövcuddur, digər tərəfdən, İran hələ də BAEA-nı öz proqramı barədə məlumatla təmin etmir ki, bu da bir çox hallarda onun işini əngəlləyir.

"İranın nüvə proqramının hərbiyönümlü olması ilə bağlı heç bir əlamət yoxdur, lakin beynəlxalq birlik yenə də İrana etibar etmir", - Avropa Təhlükəsizlik Problemlərinin Araşdırılması İnstitununun (Research Fellow at EU Institute for Security Studies) üzvü Zanders telefonla Trend-ə bildirib. - "Əksinə, getdikcə daha çox adam İrana şübhə ilə yanaşır".

Bundan başqa, onun sözlərinə görə, 2006-cı ildən İranın nüvə obyektlərinə BAEA-nın 40-a yaxın müfəttişini buraxmaqdan imtina etməsi sual doğurur.

"Bu, prinsip məsələsidir, belə ki, çoxsaylı müfəttişlərə imtina cavabı vermək olmaz", - Zanders deyib. - İranın hüquqi olaraq buna haqqı var, lakin yenə də ortaya sübüt məsələsi çıxır".

Çərşənbə günü Fransa, Almaniya və Böyük Britaniya Tehranı İran nüvə proqramına nəzarəti effektiv şəkildə həyata keçirmək imkanını pozmaq cəhdində ittiham ediblər. Avropanın ən nüfuzlu ölkələrinin birgə bəyanatını BAEA idarə şurasının bağlı iclasında Fransanın nümayəndəsi oxuyub. Sənəddə "İranın BMT-nin Atom Agentliyi ilə qarşılıqlı əlaqədən imtina etməsi hallarının çoxluğundan" narahatlıq ifadə edilir.

"Beynəlxalq ictimaiyyət və Vyana qrupu, xüsusilə, İranın nüvə proqramı haqqında aydın məlumat istəyir və eyni zamanda, İranın uranı zənginləşdirmək üzrə fəaliyyətinə son qoymaq istəyirlər", - Zanders belə hesab edir.

"Vyana qrupu iştirakçıları indi qəti qərar gözləmirlər", - o bildirib. Onlar, xüsusən, İranın BAEA-nın və BMT Təhlükəsizlik Şurasının qətnaməsinin şərtlərini yerinə yetirməyi tələb edirlər".

Türkiyə və Braziliyanın təşəbbüsünə gəldikdə, Zandersin sözlərinə görə, bu, hansısa güzəştli qərar təklif etmək cəhdidir.

"Türkiyə, çox güman ki, Birləşmiş Ştatlarla öz ideyalarını uzlaşdırmayaraq, strateji səhvə yol verib", - o deyib. - "Başqa sözlə desək, Vyana qrupunun bir sıra ölkələri, xüsusilə,  Fransa və ABŞ belə düşünür ki, bu, beynəlxalq nəzarət olmadan uranın zənginləşdirilməsini dayandırmaq cəhdi olub".

Zandersin sözlərinə görə, Türkiyə üçün vasitəçilik məsələsində digər maneə  - xüsusilə humanitar donanması ilə insidentdən sonra İsraillə münasibətlərin pisləşməsidir.

May ayında İsrail hərbi-dəniz qüvvələri Qəzza sektoruna humanitar yardım aparan beynəlxalq donanmanın altı gəmisinin saxlanılması üzrə əməliyyat aparıblar. Əməliyyat nəticəsində minimum 10 nəfər həlak olub və 50-yə yaxın insan xəsarət alıb.

"Türkiyə rəhbərliyi İsraillə bağlı Türkiyənin bu regionda qərəzsiz vasitəçi kimi rolunu çətinləşdirən bir sıra bəyanatlar verib", - Zanders deyib. - "Türkiyə İranın nüvə fəaliyyətinə münasibətdə İsrailin fikirlərini çətinliklə nəzərə alacaq".

O belə hesab edir ki, Türkiyənin təşəbbüsü ona görə müsbət xarakter ala bilər ki, o, İrana qonşu ölkələrdən biridir və həqiqətən də İranın regionda böyük münaqişəyə cəlb olunmasında maraqlı deyil.

"Türkiyə məsələnin həllinə yardım göstərə bilər", - Zanders deyib. - "Lakin onun səyləri bütün maraqlı tərəflərlə məsləhətlər planında daha yüksək səviyyədə həyata keçirilməlidir".

Onun sözlərinə görə, Braziliya ilə birgə təklif belə bir təəssürat oyatdı ki, bu, ABŞ və Avropanın hər hansısa məsələnin hesaba alındığını, əslində, nümayiş etdirməyin fərdi təşəbbüsdür.
"Hər hansı təşəbbüsü irəli sürməmişdən öncə, çoxtərəfli məsləhətləşmələr aparılmalıdır", -  Zanders deyir. - "Hətta Türkiyə Yaxın Şərqdə üstün münasibətlərə malik olsa belə, belə qərarlar verməmişdən əvvəl digər maraqlı tərəflərlə də məsləhətləşməlidir".

Materialın hazırlanmasında T.Cəfərov iştirak edib.

Xəbər lenti

Xəbər lenti