...

Fars körfəzi qeyri-sabitliyin mürəkkəb dövrlərindən birini yaşayır

Siyasət Materials 22 Sentyabr 2010 15:42 (UTC +04:00)
Fars körfəzi qeyri-sabitliyin mürəkkəb dövrlərindən birini yaşayır.
Fars körfəzi qeyri-sabitliyin mürəkkəb dövrlərindən birini yaşayır

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Ü.Sadıqova/

Amerika qoşunlarının çıxmasından sonra İraqdakı qeyri-sabitlik, İranın İsrail və ABŞ-la mümkün hərbi qarşıdurması və "əl-Qaidə"nin terror fəaliyyəti Fars körfəzindəki ərəb ölkələrinin təhlükəsizliyi üçün ciddi problemlərə yol aça bilər. Yaxın Şərq və Fars körfəzi Hərbi-Analitik İnstitutunun araşdırma və inkişaf şöbəsinin (INEGMA) direktoru Teodor Karasik (Theodore Karasik) belə hesab edir.

"Fars körfəzinin ərəb ölkələri İrandan birbaşa asılı olan, bu ölkənin nüvə proqramı və Əfqanıstandakı vəziyyətə dair regional təhlükəsizlik kimi ciddi problemlə üzləşiblər", - Trend-in Ekspertlər Şurasının üzvü Karasik çərşənbə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Fars körfəzi və Azərbaycanda təhlükəsizlik: BƏƏ-dən baxış" mövzusunda mühazirə ilə çıxışında bildirib.

Onun fikrincə, Fars körfəzi ölkələrinin təhlükəsizliyi ilə bağlı problemlərin həllinə iqtisadi böhran və ölkələr arasındakı ərazi mübahisələri mane olur.

"Ərəbistan yarımadasında öz sərhədlərinə tam nəzarət edən yeganə ölkə Oman Sultanlığıdır. Yerdə qalanlarına gəldikdə, onlarda ərazi mübahisələri Fars körfəzindəki monarxiyaların münasibətlərində əvvəlki kimi kəskin şəkildə durur", - Karasik hesab edir.

Karasik Körfəz ölkələri ərəb liderlərinin narahatlığının başlıca səbəblərindən birini - İraqdakı qeyri-sabitlik və Əfqanıstanda koalisiya qüvvələrinin apardıqları hərbi əməliyyatların məğlubiyyətə uğramasında görür.

"İraqın gələcəyini söyləmək çətindir, çünki ölkə tayfalararası münaqişələrdən, sünnilər və şiələr arasında toqquşmalardan, milli neft sazişinin olmamasından və kürd əhalisi məsələsində aydınlığın olmamasından dağılır", - ekspert bildirib.

Fars körfəzi ölkələri, həmçinin, NATO qüvvələrinin "Taliban" hərəkatının və "əl-Qaidə" yaraqlılarına qarşı mübarizə apardıqları Əfqanıstan və qonşu Pakistandakı vəziyyətdən də narahatdırlar.

Karasik güman edir ki, İranın nüvə proqramı, onun İsrail və ABŞ-la mümkün müharibəsi təhlükəsi də az narahatlıq doğurmur.

"İran Fars körfəzi üçün təhlükədir, axı körfəz ölkələri ABŞ-ın müttəfiqləridir, orada Amerika hərbi bazaları yerləşdirilib. Üstəlik, bu [İranın nüvə proqramı], regionun neft siyasətinə təsir edir və ərazi mübahisələrini dərinləşdirir", - analitik hesab edir.

Fars körfəzinin İranın nüvə proqramına qarşı hərbi kampaniyanın aparılmasını dəstəkləyən bəzi ərəb ölkələri mümkün müharibənin bütün Yaxın Şərq regionu üçün nəticələrindən narahatdırlar.

"Region, müharibə başlanacağı halda, mülki müdafiəyə hazır olmalıdır. Bu, mövcud miqrasiya problemini pisləşdirir və qaçqın axınını artırır", - o deyib.

Son illər ərzində Türkiyənin Yaxın Şərqdəki rolu haqqında danışan Karasik qeyd edib ki, Ankara müstəqil siyasət yürüdür.

"Türkiyə Yaxın Şərqdə əlaqələndirici halqa rolunu oynayır. Ölkə regionda Avropanı təqlid etmədən öz siyasət modelini yaradıb", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti