...

Azərbaycanlı deputat Böyük Britaniyanın Lordlar palatasının üzvü ilə görüşüb

Siyasət Materials 12 Dekabr 2010 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən "İnsan alverinə qarşı Beynəlxalq Forum"da iştirak edən  millət vəkili Qənirə Paşayeva forum çərçivəsində Böyük Britaniyanın Lordlar palatasının üzvü, Baronessa Mari Goudie ilə görüşüb.

Görüş zamanı millət vəkili, Baronessaya Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini bu gün də işğal altında saxlamaqda davam etməsi, 15 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz yurd-yuvasına qayıda bilməməsi, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı bu günkü vəziyyət, Ermənistanın münaqişənin tənzimlənməsi istiqamətində, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində heç bir addım atmaması və bölgədə gərgin olan vəziyyəti daha da gərginləşdirməsi ilə bağlı ətraflı məlumat verib.

Millət vəkili vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik Azərbaycanın daha yeddi rayonu ərazisində "boz" zona yaradılıb. Bu ərazi, o cümlədən Azərbaycan-İran sərhədinin faktiki olaraq Ermənistan tərəfindən nəzarət edilən hissəsi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silah və insan alveri, qeyri-leqal miqrasiya, terrorçular üçün sığınacaq, çirkli pulların yuyulması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur. Bu zona milli və beynəlxalq hüququn təsir dairəsindən kənarda olduğuna görə isə qeyd olunan təhlükələrə qarşı vaxtında və adekvat reaksiya vermək mümkünsüzdür. Azərbaycan prezidenti İlham Əliyevin və ölkə rəsmilərinin müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bu məsələləri mütəmadi qaldırmasını, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərə milli və regional təhlükəsizliyin təminatı kimi baxmasını vurğulayan millət vəkili beynəlxalq ictimaiyyətin bu məsələlərə daha həssas yanaşmasının vacibliyini vurğulayıb.

Bölgədəki münaqişələrin həll olunmamasının narahatlıq doğurduğunu deyən Lordlar palatasının üzvü, Baronessa Mari Goudie münaqişənin tezliklə həllinin vacibliyini vurğulayıb.

Görüş zamanı Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələrinin getdikcə daha da inkişafı ətrafında da fikir mübadiləsi aparılıb. Millət vəkili həmçinin Azərbaycanın iqtisadi inkişafı, Avropanın enerji təhlükəsizliyində oynadığı rol, mədəniyyətlər və sivilizasiyalar arası dialoq sahəsində görülən işlər barədə də Lordlar palatasının üzvünə məlumat verib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirən Baronessa Mari Goudie insan alverinin qarşısının alınması istiqamətində görülən işlərlə bağlı əldə etdiyi məlumatlardan da razılığını ifadə edib. Görüşün sonunda Lordlar palatasının üzvünə Azərbaycanla bağlı xatirə hədiyyəsi və Azərbaycan həqiqətlərini və Mədəniyyətini özündə əks etdirən kitablar hədiyyə edilib.

Millət vəkili Qənirə Paşayeva Baronessanı Azərbaycana dəvət etmiş, o isə böyük məmuniyyətlə Azərbaycanı görməyə şad olacağını vurğulamışdır.

Görüşdə iştirak edən Rabitə və İnformasiya Texnologiyaları nazirliyi nəzdində yüksək texnologiyaların tədqiqi mərkəzinin direktoru, professor Sevda Abdullayeva isə qonağa yüksək texnologiyalar sahəsində Azərbaycanda görülən işlər, bu sahədə aparılan uğurlu beynəlxalq əməkdaşlıq məsələləri barədə ətraflı məlumat verib.

Misirin Luksor şəhərində Misirin Birinci xanımı Suzan Mübarək ilə BMT-nin rəsmilərinin rəhbərlik edəcəyi "İnsan alverinə qarşı Beynəlxalq Forum" öz işinə başlayıb. Palermo Konvensiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq forumda dünyanın bir sıra nüfuzlu siyasi xadimləri qatılıb. Əsas məqsədi transmilli cinayətkarlığa, insanların, xüsusilə qadın və uşaqların təcavüzə və alverə məruz qalmasına qarşı mübarizənin dəstəklənməsidir.

Xəbər lenti

Xəbər lenti