Gürcüstan, Tbilisi, 27 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze Prezident Mixail Saakaşvilinin istefaya getməli və öz yerini Moskva ilə danışmağa hazır olan şəxsə verməli olduğunu hesab edir.
"Onun yerində olsaydım, belə edərdim və yerimi Rusiya ilə danışacaq şəxsə verərdim. Çünki yalnız bu qonşunun köməyi ilə ölkənin ərazi bütövlüyünü bərpa etmək mümkündür, Medvedev və Putin isə dəfələrlə bəyan ediblər ki, onlar Saakaşvili ilə danışmayacaqlar", - eks-prezident "Asaval-Dasavali" qəzetinə müsahibəsində bildirib.
Gürcüstan Prezidenti Moskva ilə danışıqlar aparmağa hazır olduğunu bəyan etsə də, Rusiya liderləri Mixail Saakaşvili ilə əlaqə qurmaqdan imtina ediblər.
"Rusiya bizə lazımdır, heç olmasa ona görə ki, orada bir milyonadək gürcü yaşayır və onlar naminə belə addım atmaq olar", - eks-prezident qeyd edib.
Şevardnadze bütün müxalifət liderlərinin, o cümlədən "Rusiya ilə əlaqələri yoluna qoymaq üçün" Moskvaya səfərlər edən eks-spiker Nino Burcanadze və keçmiş Baş nazir Zurab Noqaidelinin fəallığını alqışlayır. "Yalnız Rusiya birliyimizi təmin etməkdə bizə kömək edə bilər və biz bu böyük və güclü qonşu ilə münasibətlərimizi yoluna qoymaq üçün əlimizdən gələni etməliyik. Saakaşvili gedəcək, Rusiya isə bizim qonşumuz olaraq qalacaq, onu düşmən hesab etmək yaramaz", - o, qeyd edib.
Gürcüstanın eks-prezidenti yenə də Mixail Saakaşvilini "Rusiya liderinin ünvanına söylədiyi nəzakətsiz ifadələrə görə" Vladimir Putini şəxsi düşməni etməkdə günahlandırıb. "Mənim prezident olduğum vaxtda Putin gürcülərə çox gözəl yanaşırdı, mən onun bizə nifrətini hiss etməmişdim. 2008-ci ilin avqustunda Moskva və Putin qəti tədbirlər gördülər, çünki onlar oradakı vətəndaşlarını müdafiə etmək hüququna malik idilər", - Şevardnadze qeyd edib.
2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya Respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və iki tanınmamış respublikanı işğal olunmuş ərazilər elan edib.