...

NATO təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanla canlı dialoqa inanır - xüsusi nümayəndə

Siyasət Materials 18 Mart 2011 15:59 (UTC +04:00)
NATO baş katibinin Qafqazdakı yeni xüsusi nümayəndəsi Ceyms Appaturay təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanla canlı dialoqa inanır və Bakıda qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməyi planlaşdırır.
NATO təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanla canlı dialoqa inanır - xüsusi nümayəndə

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Y.Ostapenko/

NATO baş katibinin Qafqazdakı yeni xüsusi nümayəndəsi Ceyms Appaturay təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanla canlı dialoqa inanır və Bakıda qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməyi planlaşdırır.

"NATO və Azərbaycanı ümumi məsələlərin geniş dairəsi birləşdirir. Mən siyasi yaxınlaşmanın yüksək templərini nəzərə alaraq, NATO-nun təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanla canlı dialoquna inanıram", - Appaturay Trend-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu dialoqdan NATO və Azərbaycanın gələcək qarşılıqlı əməkdaşlığını inkişaf etdirə biləcək sahələri müəyyənləşdirmək üçün istifadə etmək lazımdır.

NATO baş katibinin Qafqazdakı yeni xüsusi nümayəndəsi Appaturayın ilk səfəri iyunda baş tuta bilər. Əvvəllcədən səfər marta təyin edilmişdi, lakin alyansın məlumatına görə, səfər müəyyən texniki səbəblərə görə baş tutmayıb.

Appaturay yeni vəzifəyə ötən ilin noyabrında təyin olunub. Əvvəllər 7 il ərzində xüsusi nümayəndə vəzifəsini Robert Simons tutmuşdu. Xüsusi nümayəndənin vəzifəsi NATO-nun regionda məqsədlərinin inkişafı - regional təhlükəsizliyə kömək və NATO əməkdaşlıq proqramlarının gələcək irəliləməsi üçün regional liderlərlə işgüzar əlaqələrin dəstəklənməsindən ibarətdir.

"Qarşıdakı səfər zamanı mən Azərbaycan hökumətinin Azərbaycanın NATO ilə tərəfdaşlığının inkişaf etdirilməsi ilə bağlı fikrini dinləmək, eləcə də ümumi maraq doğuran təhlükəsizlik məsələlərini müzakirə etmək niyyətindəyəm", - o vurğulayıb.

Appaturayın sözlərinə görə, o, NATO-nun himayəsi altında Bakı və Alyans arasında son beş il ərzində Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə birgə həyata keçirilən "Sülh naminə tərəfdaşlığa inam fondu" layihəsinin bağlanış mərasimində iştirak etmək niyyətindədir.

"Bu layihə sayəsində Saloğlu kəndində keçmiş hərbi bazanın geniş ərazisi uğurla çoxlu sayda partlamamış hərbi sursatlarından təmizlənib, - Appaturay qeyd edib. - Bu, NATO-nun texniki dəstəyi, ölkə və Alyans tərəfdaşlarının maliyyə dəstəyi ilə edilib".

Azərbaycanın Ağstafa rayonunun Saloğlu kəndinin ərazisi hələ də təhlükəlidir. Orada sovet ordusunun döyüş sursatları anbarı yerləşmişdi, lakin öz-özünə partlayışdan sonra döyüş sursatları bir neçə kilometr radiusa səpələnmişdi.

Hazırda Saloğlu və ona bitişik ərazidə 623 712 ədəd döyüş sursatı aşkar edilərək zərərsizləşdirilib.

NATO-nun Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistanla əməkdaşlığı əsasən "Sülh naminə tərəfdaşlıq", "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı", eləcə də "Planlaşdırma və təhlil prosesi" proqramları çərçivəsində həyata keçirilir. Bu sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika Alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasətə aid məsləhətləşmələrin aparılması üzrə məqsəd və niyyətləri müəyyən edilib.

Cənubi Qafqaz ölkələrinin NATO ilə əməkdaşlığı Avropa inteqrasiyası, regionda təhlükəsizlik və sabitliyin təmini yolunda addım kimi dəyərləndirilir.

Azərbaycan "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı" çərçivəsində NATO ilə 2005-ci ildən əməkdaşlıq edir. Proqram iki ilə hesablanıb. Bundan sonra digər tərəfdaş ölkələrin təcrübəsinə əsasən, bir qayda olaraq inteqrasiyanın digər səviyyəsinə - intensiv dialoqa keçilir.

Appaturayın sözlərinə görə, NATO-nun Azərbaycanla fərdi tərəfdaşlıq planı dialoq üçün geniş imkanlar açır. Belə ki, hər iki ildə tərəflər qarşılarında yeni vəzifələr qoya bilərlər.

"İntensiv dialoq əməkdaşlığın başqa formasıdır və bərabərhüquqlu üzv kimi NATO-ya daxil olmaq istəyən ölkələr üçün nəzərdə tutulub. Azərbaycanla bağlı vəziyyətdə isə bu belə deyil", - Appaturay bildirib.

Xəbər lenti

Xəbər lenti