Azərbaycan, Bakı, 8 may /Trend, müxbir T.Hacıyev/
Gürcüstanın Marneuli şəhərində Şuşanın işğalının ildönümü qeyd olunub. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov açıb. O qeyd edib ki, Şuşa dünyada yaşayan bütün azərbaycanlıların mədəniyyət evidir.
"Tədbir iştirakçılarının əksəriyyəti Şuşada olmasalar da onun Azərbaycan mədəniyyətinə verdiyi töhfələr, adlar, mədəniyyət nümunələri bizim fəxrimiz olaraq qalır və bizim hər birimiz Şuşanı doğma şəhər kimi sevirik. Biz inanırıq ki, Şuşanın işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik``- Həsənov vurğulayıb.
Tədbir iştirakçıları Şuşa şəhidlərinin ruhunu bir dəqiqəlik sükütla yad ediblər.
Daha sonra Azərbaycan - Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Şuşanın qədim tarixi var.
Şuşa əsrlər boyu Azərbaycan mədəniyyətinin beşiyi olub. Mədəniyyətə əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib. Hər bir azərbaycanlı Şuşanı tək bu gün deyil, hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Şuşanı doğma şəhər kimi sevməliyik, xatırlamalıyıq ki, Şuşamız işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələri məhv edirlər və dünya buna göz yumur" - Paşayeva əlavə edib.
Çıxış edən ziyalılar, gənclər və tarixçilər Şuşanın tarixi və işğalı ilə bağlı öz rəylərini bildirdilər və Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə qaytarılmasına ümid etdiklərini bildiriblər.
Daha sonra Qənirə Paşayevanın baş məsləhətçi, Etibar Məmmədovun rejissorluğu ilə Şuşaya həsr olunmuş filmin nümayişi olub. Filmdə əslən Şuşalı olan şəxslər şəhərin tarixi və yetişdirdiyi insanlar haqqında danışırlar. Filmdə Şuşanın yetişdirdiyi mədəniyyət xadimlərindən və tarixi abidələrdən bəhs edilir. Eyni zamanda, Şuşanın dünəni və bu günü təsvir olunur. İşğalçı Ermənistan dövlətinin Şuşa şəhərini necə talan etdiyi, mədəni abidələri, qəbiristanlıqları, heykəlləri necə məhv etdikləri haqqında filmdə açıq-aşkar kadrlar göstərilir.
Filmin gürcü, ingilis və digər dillərdə də çıxacağını bildirən Qənirə Paşayeva bu filmin gənclər arasında yayılmasını məktəblərdə nümayiş olunmasını və gürcü cəmiyyətində yayımlanmasını təklif edib.
Tədbirin sonunda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin çox böyük qüvvə olduğunu bildirən iştirakçılar öncə onların öz tarixlərini öyrənib sonra cəmiyyətdə təbliğ olunmasını tövsiyə ediblər.