Azərbaycan, Bakı, 19 may /Trend, müxbir S.Ağayeva/
Azərbaycan Pakistanla iqtisadi əlaqələri siyasi münasibətlərin səviyyəsinə qaldırmaq niyyətindədir.
Azərbaycan Pakistanla siyasi, iqtisadi, hərbi-texniki və mədəni münasibətlərin ildən-ilə inkişaf etməsi və möhkəmlənməsi üçün hər cür səy göstərmək fikrindədir. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib.
"Bu günlərdə Pakistan xüsusilə iqtisadi sahədə çoxlu problemlərlə üzləşir. Ölkədə ötən il böyük su elektrik stansiyalarını yuyub aparan daşqınlar böyük enerji qıtlığına gətirib çıxarıb ki, bu da ölkəyə ciddi ziyan vurub. Bütün bunları nəzərə alaraq, ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsinə diqqət ayırmaq lazımdır", - səfir deyib.
Diplomat qeyd edib ki, ölkələr arasında siyasi münasibətlər çox yüksək səviyyədədir və tərəflər bu əlaqələrin inkişafını davam etdirmək fikrindədirlər.
Burada dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır.
"Münasibətlərin möhkəmləndirilməsi və yüksək səviyyədə saxlanması üçün bu il Prezident Asif Əli Zərdarinin Azərbaycana səfəri planlaşdırılır. İnanırıq ki, bu səfər iqtisadi əlaqələrin siyasi əlaqələrə uyğun şəkildə genişləndirilməsi üçün təkan olacaq", - Şikarov deyib.
Səfər çərçivəsində hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi nəzərdə tutulub.
Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Ölkələr arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub.
İki ölkə Kəşmir və Dağlıq Qarabağ münaqişələri məsələlərində bir-birini dəstəkləyirlər.
"Pakistan İslam Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanı dəstəkləyir. Qeyd etmək vacibdir ki, Azərbaycan topraqlarını işğal etdiyinə görə Pakistan indiyədək Ermənistanı dövlət kimi tanımır və onunla diplomatik əlaqələr yaratmır", - diplomat qeyd edib.
Öz növbəsində Azərbaycan daima beynəlxalq arenada Kəşmir problemində Pakistanı dəstəkləyir və problemin beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunacağına ümid edir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Hindistan və Pakistan arasındakı münasibətlərdə Kəşmirin mənsubiyyəti məsələsi artıq 60 ildir kəskin, münaqişəli və çətin həll olunan problem olaraq qalır. Gərgin vəziyyət bu günədək davam edir və mütəmadi olaraq Cammu və Kəşmir daxilində terror aktları, girovların ələ keçirilməsi və öldürülməsi, eləcə də bütün Pakistan-Hindistan sərhədi boyu silahlı toqquşmalarla müşayiət olunur.