...

İranda 2,6 milyon nəfər oxumağı-yazmağı bacarmır

Siyasət Materials 27 May 2011 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend/

İranda savadsızlığa qarşı 32 illik mübarizəyə baxmayaraq, hələ də 2,6 milyon nəfər oxuyub yazmağı bacarmır. Bunu İran Maariflənmə Hərəkatının sədri Əli Baqirzadə deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Baqirzadə əlavə edib ki, hazırda ölkə əhalisinin 85 faizi təhsillidir və bütün səylər əhalinin 15 faizini təşkil edən savadsız insana oxumağı, yazmağı öyrətməyə yönəldilib.

"Çalışırıq ki, ölkənin təhsil sisteminin gücləndirilməsində özəl sektorun xidmətlərindən səmərəli istifadə edək", - Baqirzadə deyib.

O əlavə edib ki, ölkədə savadsızlıq əsasən 10-49 yaşlı əhali arasında mövcuddur. "Ölkənin beş illik inkişaf proqramı çərçivəsində savadsızlığın aradan qaldırılması üçün lazimi tədbirlər görüləcək", - Baqirzadə deyib.

İran Maariflənmə Hərəkatı bundan öncə yayımladığı açıqlamasında bildirmişdi ki, hər il ölkədə orta hesabla 1 milyon nəfərə yaxın şəxs təhsildən məhrum olur.

İran Maariflənmə Hərəkatının sədr müavini Əli İbrahimyan bundan öncə demişdi ki, hazırda ölkədə 14,2 milyon nəfər savadsız şəxs var ki, onların əksəriyyəti qadınlardır.

1979-cu ildə İslam İnqilabından sonra İranın sabiq ali lideri İmam Xumeyninin göstərişi ilə ölkədə Maariflənmə Hərəkatı təsis olunub.

Xəbər lenti

Xəbər lenti