...

Azərbaycan Prezidenti Şabranda inşa olunmuş Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 15 Avqust 2011 18:37 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Şabran şəhərində inşa olunmuş Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti Şabranda inşa olunmuş Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib (FOTO)

Fotoşəkillər əlavə olunub (İlk xəbər 15:53-də yayılıb)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Şabran şəhərində inşa olunmuş Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, Şabran rayonunun inkişafı daim ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində diqqət mərkəzində olmuşdur. Ümummilli liderin diqqət və qayğısını Şabran rayonunun ictimaiyyəti hər zaman ehtiramla yad edirlər. Ulu öndərin xatirəsinin rayonda əbədiləşdirilməsi üçün tədbirlər görülür.

Şabran şəhərində inşa olunan Heydər Əliyev Mərkəzi də ulu öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir. Buradakı zəngin materiallardan da aydın görünür ki, Heydər Əliyev ən mürəkkəb ziddiyyətli tarixi proseslərin gedişindən müdrikliklə baş çıxaran, ən çətin vəziyyətlərdə belə, təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri uzaqgörənliklə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin maraqlarını praqmatik düşüncəsi və təcrübəsi ilə dəqiqliklə hesablaya bilən lider olmuşdur. Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıdıb.

Müstəqil Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarıb. Xalqımızın dahi oğlunun siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qalxıb. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, mühüm və sanbalı ilə seçilib.

Bildirildi ki, mərkəzdə foto-video studiyası, virtual sinif yaradılmışdır. Mərkəzin ikinci mərtəbəsində xalçaçılıq və rəssamlıq dərnəkləri fəaliyyət göstərir. Mərkəz bütün zəruri avadanlıqla, o cümlədən yüksək sürətli internetlə, kompyuterlərlə təchiz edilmişdir. Ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan bu mərkəz ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinə verilən dəyərin təzahürüdür.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

Xəbər lenti

Xəbər lenti