...

"İrəvan xanlığı" kitabının rumın dilinə tərcüməsinin təqdimatı keçirilib

Siyasət Materials 14 Oktyabr 2011 13:00
"İrəvan xanlığı" kitabının rumın dilinə tərcüməsinin təqdimatı keçirilib
"İrəvan xanlığı" kitabının rumın dilinə tərcüməsinin təqdimatı keçirilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir S.Ağayeva/

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən tərtib edilmiş "İrəvan xanlığı" kitabının rumın dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.

Kitab Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin təşəbbüsü və maliyyə dəstəyi əsasında çapdan çıxıb.

Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin rəhbəri İqbal Hacıyev mərasimi giriş sözü ilə açaraq, kitabın əhəmiyyətinə toxunub, əsərdə İrəvan xanlığının sosial-iqtisadi həyatı, sərhədləri və inzibati bölgüsü, daxili idarəçilik sisteminin təkzibedilməz dəlillərlə işıqlandırıldığını, bu Azərbaycan xanlığının XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi, Rusiya imperiyasına qarşı göstərdiyi ciddi müqavimət, xüsusilə də işğal olunmuş İrəvan xanlığının ərazisinə ermənilərin İrandan və Osmanlı imperiyasından kütləvi şəkildə köçürülməsi barədə sənədlərə əsaslanan faktların geniş əksini tapdığı bildirib.

Tədbirdə çıxış edən səfir Eldar Həsənov təqdim olunan əsərdə Əfşar imperiyasının süqutundan sonra meydana gəlmiş Azərbaycan dövlətlərinin birindən - İrəvan xanlığından bəhs olunduğunu bildirib, təkzibolunmaz ilkin mənbələr əsasında İrəvan xanlığı əhalisinin etnik tərkibinin əsasən azərbaycanlılardan ibarət olduğunun sübuta yetirildiyini qeyd edib.

Azərbaycan və rumın xalqının tarixində bir çox bənzərliklərin mövcud olmasına toxunan səfir həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə iştirakçılara ətraflı məlumat verib, bütün bunlarla yanaşı Azərbaycan xalqının heç kəsin torpağında gözünün olmadığını, dövlətimizin bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını nəzərə çatdırıb.

Buxarest Yazıçılar Birliyinin sədri Horia Qırbya kitabın mötəbər mənbələr əsasında tərtib edildiyini, kitab vasitəsi ilə ölkəmizin tarixi, mədəniyyəti barədə geniş məlumatların rumın oxucuları tərəfindən öz dillərində əldə etmək imkanının yarandığını qeyd edib, kitabda öz əksini tapmış bir çox faktlarla Azərbaycan səfəri zamanı tanışlıq imkanı əldə etdiyini vurğulayıb. O, təqdim olunan əsərin Rumıniya ictimaiyyətinə tanış olmayan bir sahəni işıqlandırdığını, mənsub olduğu xalqın Azərbaycanın haqq işini hər zaman dəstəklədiyini bildirib.

Rumıniyanın və bütövlükdə regionun nüfuzlu nəşrlərindən olan "GeoPolitica" jurnalının direktoru, "İrəvan xanlığı" kitabının çap olunduğu "Top Form" nəşriyyatının rəhbəri Vasile Simileanu Azərbaycan müəllifləri ilə uzunmüddətli əməkdaşlıq ənənəsinə malik olduqlarını, təqdimatı keçirilən əsərin kitabın Azərbaycan həqiqətlərinin akademik dairələr və geniş ictimaiyyət arasında təbliğinə xidmət edəcəyini və Cənubi Qafqaz tarixinin mənimsənilməsi baxımından tutarlı əyani vəsaitə çevriləcəyini bildirib, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi ilə bundan sonra da birgə layihələr keçirməyə hazır olduğunu vurğulayıb, həmçinin Rumıniyada gerçəkləşdirilən humanitar fəaliyyətə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü ifadə edib.

Rumıniyada iqtidarda olan Demokratik Liberal Partiyasının (PDL) Buxarest şəhəri 6-cı sektorunun şöbəsi Gənclər Təşkilatının baş katibi Andrada Dinu öz çıxışında Ermənistanın təcavüzkar siyasətinə toxunaraq, hazırkı Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu vurğulayıb. Dinu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunacağına və ədalətin bərqərar olunacağına əminliyini ifadə edib.

Qara dəniz - Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Beynəlxalq Fondun Baş katibinin məsləhətçisi Feliçia Skoartsa təqdim olunan kitabın Ermənistan tərəfinin iddialarının əksinə, əzəli Azərbaycan torpaqlarının erməni işğalı altında olduğunu sübut etdiyini qeyd edərək, BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərin işğalına dair qəbul etdikləri qətnamələrin yerinə yetirilmədiyini təəssüflə qeyd etmiş, "İrəvan xanlığı" kimi əsərlərin regionun tarixinə dair alternativ məlumat qaynağı təşkil edəcəyini bildirib.

Kitabın Rumıniyanın dövlət orqanları, nazirlikləri, kitabxanaları, Rumıniyada akkreditə olunmuş xarici ölkələrin diplomatik missiyaları arasında yayılması təmin edilib.

Mərasimdə, həmçinin Rumıniyanın digər siyasi və ictimai xadimləri də çıxış ediblər. Ölkədə rumın, ingilis və türk dillərində çap olunan "Hayat", "Zaman", "Anayurt", "Ultima ora", "Balcanii şi Europa" və s. mətbuat orqanlarında tədbirlə bağlı xəbərlər nəşr olunub.

Mərasimdə həmçinin "Lider" Televiziyasının "Azərbaycan" redaksiyasının istehsalı olan "İrəvan və irəvanlılar" filmi nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti