...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Almatı Bəyannaməsi imzalanıb

Siyasət Materials 21 Oktyabr 2011 11:42 (UTC +04:00)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Almatı Bəyannaməsi cümə günü Almatıda imzalanıb. Bu barədə Trend-in xüsusi müxbiri məlumat verir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Almatı Bəyannaməsi imzalanıb

Qazaxıstan, Almatı, 21 oktyabr /Trend, xüsusi müxbir E.Hüseynov/

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Almatı Bəyannaməsi cümə günü Almatıda imzalanıb. Bu barədə Trend-in xüsusi müxbiri məlumat verir.

Sənədə Azərbaycan, Qazaxıstan və Qırğızıstan prezidentləri - İlham Əliyev, Nursultan Nazarbayev və Roza Otunbayeva, Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ imza atıb.

Bəyannamə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının birinci sammitinin yekunları üzrə imzalanıb.

Prezidentlər imzaladıqları bəyannamədə siyasi, iqtisadi, sosial, hüquqi və digər sahələrdə öz müstəqilliklərinin 20 illiyini qeyd edən Azərbaycan, Qazaxıstan və Qırğızıstanda həyata keçirilən islahatları əhəmiyyətli irəliləyiş hesab edirlər.

Prezidentlər habelə rəhbərlik etdikləri ölkələrin beynəlxalq birlikdə müstəqil dövlət kimi statuslarının möhkəmlənməsindən razı qaldıqlarını ifadə ediblər.

Türkdilli dövlətlərin rəhbərləri bundan sonra da öz ölkələrinin tarix, dil və mədəni birliyi əsasında münasibətlərini inkişaf etdirmək və həmrəyliklərini gücləndirmək niyyətlərini təsdiqləyiblər və tamdəyərli beynəlxalq təşkilat kimi Türk Şurasının yaradılmasından razı qaldıqlarını ifadə ediblər.

Bəyannamədə qeyd olunur ki, türkdilli dövlətlərin hərtərəfli əlaqələri və həmrəyliyi Avrasiya regionunda regional və beynəlxalq əməkdaşlığı möhkəmləndirir.

Dövlət başçıları Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sənədlərinin və hər şeydən əvvəl Helsinki Yekun Aktının məqsəd və prinsiplərinə sadiqliklərini ifadə ediblər.

Bəyannamədə dövlətlərin suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama və güc tətbiqi və ya ondan istifadə təhdidindən çəkinmənin əsas prinsiplərinə müvafiq olaraq dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə cəhdlər də ifadə olunub.

Xəbər lenti

Xəbər lenti