...

Azərbaycanın xarici işlər naziri Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 27 Oktyabr 2011 17:08 (UTC +04:00)
Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanın xarici işlər naziri Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, ilk növbədə, Aİ nümayəndəsi Azərbaycan tərəfini BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib və uğurlar arzulayıb. Filip Lefort ölkəmizin bu mötəbər quruma qeyri-daimi üzv qismində seçilməsinin Azərbaycan kimi gənc ölkə üçün böyük nailiyyət olduğunu vurğulayıb.

Görüş zamanı Lefort, həmçinin Aİ ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu qeyd edib.

Nazir Aİ nümayəndəsinə təbriklərə görə təşəkkür edərək, Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzvlüyü müddətində qlobal və regional məsələlərin həllində effektiv və yaxından iştirak edəcəyinə əmin olduğunu bildirib.

Məmmədyarov bundan öncə Azərbaycanın müxtəlif humanitar missiyalarda iştirak etdiyini və ümumiyyətlə beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Nazir Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu bildirərək, ölkəmizin dünyada multikulturalizmin inkişafına töhfə verəcəyinə əminliyini qeyd edib.

Xarici işlər naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xarici siyasətimizin ən yüksək prioritet təşkil edən məsələsi olduğunu vurğulayaraq, bu münaqişənin Azərbaycan üçün ən böyük problem olduğunu tərəf müqabilinin diqqətinə çatdırıb. Nazir bildirib ki, münaqişənin nizamlanması üçün ən böyük maneə Azərbaycan torpaqlarının hələ də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında olması faktıdır.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti