...

Aİ nümayəndəsinin Azərbaycana səfərinin tarixi açıqlanıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Noyabr 2011 11:50 (UTC +04:00)
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun Azərbaycana səfərinə hazırlıq gedir. Səfər noyabrın 15-16-da baş tutacaq.
Aİ nümayəndəsinin Azərbaycana səfərinin tarixi açıqlanıb (ƏLAVƏ OLUNUB)

Eştonun səfərinin təfərrüatları əlavə olunub (ilk xəbər saat 11:23-də yayılıb)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbirlər S.Ağayeva, A.Bədəlova/

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun Azərbaycana səfərinə hazırlıq gedir. Səfər noyabrın 15-16-da baş tutacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia məlumat verib.

"Hesab edirəm ki, xanım Eşton çoxlu yaxşı xəbərlər gətirməyə hazırlaşır. O, həmçinin viza rejiminin sadələşdirilməsi məsələlərini müzakirə edəcək", - Kobia deyib.

Ermənistanla Aİ arasında Avropa tərəfi ilə assosiasiyalar haqqında sazişlə bağlı danışıqlarda əsas vasitəçi Qunar Viqand bir müddət əvvəl Yerevanda deyib ki, Eşton hər üç Cənubi Qafqaz ölkəsinə səfər edəcək. Xəbəri "Mediamaks" agentliyi yayıb.

Avropa İttifaqı və Azərbaycanın münasibətləri 1990-cı ildə Avropa Komissiyasının MDB ölkələrinə TASIS proqramı çərçivəsində göstərdiyi dəstəklə başlayıb.

Avropa İttifaqı və Azərbaycan arasında 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş mövcuddur, eləcə də 2003-cü ildən fəaliyyət göstərən Avropa Mehriban Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq həyata keçirilir.
2008-ci ilin mayında Azərbaycanla Aİ arasında münasibətlər yeni mərhələyə - təşəbbüskarı Polşa və İsveç olan "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığa keçib.

"Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin qonşuluq siyasəti çərçivəsində altı postsovet ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi əlaqələrinin yaxşılaşdırılmasına yönəldilib. Proqram Aİ-yə üzvlük imkanını deyil, viza rejiminin sadələşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonalarının tətbiqini nəzərdə tutur. Tələbə mübadiləsi, ətraf mühitin qorunması, enerji təchizatı üzrə kiçik layihələr də həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti