Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın müxalifət partiyasının sədri ölkədə müxalifətin zəifliyinin səbəblərini açıqlayıb.
"Siyası partiyaların liderlərinin əsas məqsədi, əsas işi xalqın gedə biləcəyi yolu ona göstərmək və xalqı o yolla aparmaqdan ibarət olmalıdır. Yoxsa, ancaq funksionerlərin hesabına müəyyən fəallıq nümayiş etdirməklə bu məqsədlərə nail olmaq olmaz. Bu baxımdan mən düşünürəm ki, birinci növbədə müxalifət xalqın istəklərini, onun hansı mübarizəyə hazır olduğunu özü üçün müəyyənləşdirməlidir və sonra bunun üçün təşkilatçılıq işi aparmalıdır", - cümə günü Trend-ə açıqlamasında müxalif Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Cəlaloğlu bildirib ki, nə qədər ki müxalifət xalqı siyasi proseslərdən kənarda saxlayır, bu yolda aparılan mübarizə demokratik hesab edilə bilməz.
"Bir halda ki o yerdə xalq iştirak etmir, həmin mübarizəni demokratik mübarizə kimi təqdim etmək olmaz. Azərbaycanda bu gün ən ciddi problem xalqın iştirakçılığı problemidir", - Cəlaloğlu əlavə edib.
ADP sədri müxalifətin aktivləşməsi üçün yeni metodlara ehtiyac olmadığını deyib.
"Hansısa yeni metodlara ehtiyac yoxdu, elə köhnə metodlarla işləməliyik. Siyasətdə, başqa sahələrdən fərqli olaraq, metodologiya sahəsində çox da yenilik etmək mümkün deyil. Sadəcə çalışmalıyıq ki, xalq özü mümkün qədər proseslərdə iştirak etsin. Əgər xalq proseslərə qoşulmursa, bizim apardığımız mübarizə kimə lazım olacaq?", - Cəlaloğlu əlavə edib.
Partiya sədri hesab edir ki, müxalifətin zəif olmasının səbəblərindən biri cəmiyyətdə partiyalaşma ənənələrinin olmamasıdır.
ADP sədri Azərbaycan müxalifətinin zəifliyinin səbəblərini açıqlayıb
Azərbaycanın müxalifət partiyasının sədri ölkədə müxalifətin zəifliyinin səbəblərini açıqlayıb.