...

Azərbaycanın BMT TŞ-nin gündəliyindəki bir çox məsələlər üzrə öz mövqeyi var - daimi nümayəndə

Siyasət Materials 4 Yanvar 2012 12:06 (UTC +04:00)
BMT-nin Təhlükəsizlik Şurası (TŞ) çərşənbə günü yenilənmiş heyətlə 2012-ci ildə ilk işgüzar iclasına toplanacaq.
Azərbaycanın BMT TŞ-nin gündəliyindəki bir çox məsələlər üzrə öz mövqeyi var - daimi nümayəndə

Azərbaycan, Bakı, 4 yanvar /Trend/

BMT-nin Təhlükəsizlik Şurası (TŞ) çərşənbə günü yenilənmiş heyətlə 2012-ci ildə ilk işgüzar iclasına toplanacaq. Yanvarın 1-də Azərbaycan, Qvatemala, Mərakeş, Pakistan və Toqo BMT TŞ-nin qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıblar. Həmin ölkələr bu təşkilata ötən ilin oktyabrında Baş Assambleyada keçirilən seçkilər zamanı 2012-2013-cü illər müddətinə seçiliblər. Onlar TŞ-də iki illik səlahiyyət müddəti 2011-ci il dekabrın 31-də başa çatan Bosniya və Herseqovina, Braziliya, Qabon, Livan və Nigeriyanı əvəz ediblər.

Trend-in məlumatına görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev İTAR-TASS-a bildirib ki, Azərbaycan TŞ-də baş verən bütün proseslərdə, qərarların hazırlanması və qəbul edilməsi prosesində, komitələrin və işçi qruplarının işində fəal iştirak etməyi planlaşdırır.

Suriyadakı hadisələrə toxunan Mehdiyev bildirib ki, Bakının bu sahədə işin necə getməli olması barədə kifayət qədər dəqiq baxışı var. "İlk növbədə, biz Ərəb Dövlətləri Liqasının bu istiqamətdəki fəalliyyətini dəstəkləyirik", - o qeyd edib.

Onun sözlərinə görə, bu məsələ üzrə qəbul edilən istənilən qərarın gələcəkdə zorakılığın artmasına gətirib çıxarmaması önəmlidir. Mehdiyev bildirib ki, Azərbaycan tərəflərin gələcəkdə gərginliyin ekskalasiyasına səbəb ola biləcək hərəkətlərdən çəkinmələri qənaətini tamamilə bölüşür. "Eyni zamanda, biz hesab edirik ki, hazırda Suriyanın hər hansı daxili işlərinə müdaxilədən danışmaq lazım deyil. İnsanlara imkan vermək lazımdır ki, onlar məsələləri gərginliyin artmasından çəkinməklə özləri həll etsinlər", - o əlavə edib.

Baş Assambleyanın tövsiyəsi ilə Fələstinin BMT-yə qəbul edilməsi haqqında qətnamə layihəsinin BMT TŞ-nin gündəliyinə çıxarılma imkanına toxunan səfir xatırladıb ki, Azərbaycan artıq çoxdan Fələstin dövlətini tanıyıb, Bakıda Fələstin səfirliyi fəaliyyət göstərir. "Düşünürəm ki, biz bu mövqedən çıxış edəcəyik", - daimi nümayəndə deyib.

Azərbaycanın İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatına üzv olduğunu qeyd edən Mehdiyev diqqəti ona yönəldib ki, Azərbaycanın BMT TŞ-nin gündəliyindəki bir çox məsələlər üzrə öz mövqeyi var. "Əgər nə vaxtsa bizim mövqeyimiz digər ölkələrin mövqeyi ilə uyğun gəlirsə, bu, çox gözəldir. Əgər uyğun gəlmirsə, o zaman bizim öz prinsiplərimiz var və biz onlardan geri çəkilmək niyyətində deyilik", - o vurğulayıb.

Mehdiyev bəyan edib ki, Bakı Ermənistan-Azərbaycan münaqişəsi üzrə TŞ-nin qətnamələrinin yerinə yetirilməsinin vacibliyində təkid edib və edəcək. O, ümid etdiyini bildirib ki, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması və onun TŞ-də üzvlüyü münaqişənin nizamlanması prosesində müsbət rol oynaya bilər.

Daimi nümayəndə Azərbaycanın BMT-də Rusiya ilə bütün səviyyələrdə çox sıx münasibətlərinə toxunub. "Bizim mövqelərimizin üst-üstə düşmədiyi məsələlər varsa da, onlar çox azdır, - Mehdiyev deyib. - Biz Rusiya tərəfi ilə TŞ və ondan kənarda sıx əməkdaşlıq etməyə davam edəcəyik".

Xəbər lenti

Xəbər lenti