Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Yaşıllar Partiyasının sədri hesab edir ki, İctimai Palata Musavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının müvəqqəti və süni əsaslarla yaradılan birliyidir.
"Digər partiyalar orada ona görə təmsil olunmağa cəhd göstərdilər ki, gündəmdə qala bilsinlər" bunu çərşənbə axşamı Trend-ə açıqlamasında partiyanın sədri Mayis Güləliyev bildirib.
"İP-yə fiziki şəxslərin cəlb edilməsi isə İP-nın "kütləviliyini" təmin etmək məqsədilə edilib. Yəni belə imitasiya yaradılsın ki, guya bu birlikdə təkcə Müsavat və AXCP yox, bütün müxalifət təmsil olunub", - Güləliyev qeyd edib.
O, deyib ki, digər müxalifət birlikləri də eyni metodlarla, eyni səhvlərlə yaradılır.
"Nə vaxta qədər ki, müxalifət ictimai-siyasi vəziyyəti obyektiv qiymətləndirmək istəməyəcək və öz siyasi fəaliyyətini xarici donorların istəyinə uyğun quracaq, onun siyasi mübarizə motivasiyası süni olacaq və xalq kütlələri onun arxasınca getməyəcək, belə birliklər də müvəqqəti xarakter daşıyacaq və donorların istəyindən asılı olaraq istənilən anda dağılacaq", - Güləliyev bildirib.
İctimai Palatada təmsil olunan AXCP-nin sədr müavini Nurəddin Məmmədli Trend-ə açıqlamasında bu fikirlərin əsassız olduğunu bildirib.
İctimai Palata 2010-cu ildə yaradılıb.