...

AMİP sədri müxalifətin bir araya gəlməməsindən təəssüflənir

Siyasət Materials 25 Yanvar 2012 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri müxalifətin bir araya gəlməməsindən təəssüflənir.

"Azərbaycanda aparıcı 5-6 müxalifət partiyası bu günə qədər bir araya gələ bilməyib, əksinə, qütbləşmə gedir. Müxalifət vahid mövqedən, vahid sənədlə, vahid platformadan çıxış edə bilər", - bunu çərşənbə günü Trend-ə açıqlamasında AMİP sədri Yusif Bağırzadə deyib.

O qeyd edib ki, ötən ilin aprel ayından rəhbərlik etdiyi partiya müxalifətin daha geniş təmsilçiliyinə nail olmaq istəyir.

"Biz yaradılan siyasi ittifaqlara, bloklara hörmətlə yanaşırıq. Ancaq müəyyən tezislər uğrunda Azərbaycanın aparıcı müxalifət partiyaları bir araya gələ bilərlər. Yəni onlar həmin bloklarda, ittifaqlarda fəaliyyətlərini davam etdirirlər, ancaq müəyyən bir məqsəd uğrunda birləşib bir dialoq apara, ümimi qərara gələ, vahid mövqedən çıxış edə bilərlər", - Bağırzadə qeyd edib.

Bu istiqamətdə müxtəlif partiyalarla danışıqlar aparıldığını deyən Bağırzadə deyib ki, bu görüşlərin məqsədi ancaq buna yönəlib.

"Bizim heç bir ittifaqı, bloku dağıtmaq fikrimiz yoxdur. Belə baxanda Azərbaycan müxalifətində 5-6 böyük partiya var, bu partiyaların hərəsi bir blokdadır. Mən düşünürəm ki, bu partiyaların özlərinin bir blokda olmaması da dağıntıya gətirib çıxarır, yəni Azərbaycan ictimaiyyəti müxalif partiyalarını bir arada görmək istəyir", - Bağırzadə deyib.

Xəbər lenti

Xəbər lenti