Azərbaycan, Bakı, 30 yanvar / Trend, müxbir S.Ağayeva /
Azərbaycan NATO-nun qiymətli tərəfdaşıdır və bu münasibətlər "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində inkişaf edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda NATO məktəbinin qış sessiyasının açılışında Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu bildirib.
"NATO Azərbaycanın, o cümlədən Əfqanıstandakı sülhyaratma səylərini yüksək qiymətləndirir", - səfir deyib. Onun sözlərinə görə, bu il NATO-Azərbaycan əməkdaşlığı çərçivəsində alyansın Azərbaycanla əlaqələrinin inkişafına yönəlmiş 30-ya yaxın tədbirin keçirilməsi planlaşdırılır.
Bakıda açılan NATO-Azərbaycan beynəlxalq məktəbinin qış sessiyasında Şimali Atlantika alyansının üzvü və tərəfdaşı olan 20 ölkədən 50-yə yaxın dinləyici iştirak edir.