...

Azərbaycanda hüquqi şəxslərin korrupsiya cinayətlərinə görə cəlb olunması nə vaxt tətbiq ediləcək?

Siyasət Materials 16 Fevral 2012 10:35 (UTC +04:00)
"Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında" qanunun bu il və ya 2013-cü ildə hazırlanaraq qəbul olunması gözlənilir.
Azərbaycanda hüquqi şəxslərin korrupsiya cinayətlərinə görə cəlb olunması nə vaxt tətbiq ediləcək?

Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir M.Əliyev/

"Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında" qanunun bu il və ya 2013-cü ildə hazırlanaraq qəbul olunması gözlənilir. Bu barədə Trend-ə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda bir sıra hallarda vəzifəli şəxsin təqsirini sübuta yetirmək olmur.

"Amma müvafiq qanun qəbul olunandan sonra hüquqi şəxs kimi təşkilat özü cavabdehlik daşıyacaq", - Əliyev deyib.

İdarə rəisi qeyd edib ki, yeni qəbul olunacaq qanun Azərbaycanın hüquq sisteminə uyğun bir formada tətbiq edilməlidir və hazırda qanunun Azərbaycanda tətbiqinin səmərəliliyi üzrə müzakirələr aparılır.

Əliyev bildirib ki, bəzi MDB ölkələri bu qanunu tətbiq etsə də, kifayət qədər səmərə verməyib.

"Məsələn, Gürcüstanda bu qanun artıq neçə ildir ki, qəbul olunub. Lakin Gürcüstanda indiyədək heç bir hüquqi şəxs cinayət məsuliyyətinə cəlb edilməyib", - Əliyev deyib.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ötən gün bildirib ki, "Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında" qanun layihəsi artıq Milli Məclisə təqdim edilib.

Bütün Avropa ölkələri bu qanunu qəbul edib və artıq bir sıra MDB ölkələri də bu qanunu qəbul edirlər. Xüsusilə Baltikyanı ölkələr, Moldova, Gürcüstan qəbul edib, Qazaxıstan və Rusiya isə belə bir qanun üzərində işləyirlər.

Xəbər lenti

Xəbər lenti