...

Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 18 Aprel 2012 20:30 (UTC +04:00)
Avropa Parlamenti "Azərbaycan və Ermənistanla assosiasiya haqqında saziş çərçivəsində Aİ ilə danışıqlar üzrə qətnamə" qəbul edib.
Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 19:35-də yayılıb)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir S.Ağayeva/

Avropa Parlamenti "Azərbaycan və Ermənistanla assosiasiya haqqında saziş çərçivəsində Aİ ilə danışıqlar üzrə qətnamə" qəbul edib. Qətnamədə Azərbaycanın ərazi bütövlüyünə ehtiram əks olunub. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, qətnamə çərşənbə günü Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qəbul olunub.

Qətnamədə qeyd edilir ki, nə qədər ki Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarılmayıb, ərazilər Azərbaycanın nəzarəti altina keçməyib, qaçqınlar öz doğma torpaqlarına qayıtmayıb, Avropa İttifaqının "Şərq tərəfdaşılığı" proqramı çərçivəsində Azərbaycan və Ermənistanla assosiasiya haqqında saziş imzalanmayacaq.

Qətnamədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin Akvil bəyanatının ayrı-ayrı məqamları və Avropa Parlamentinin 20 may 2010-cu il tarixli qətnaməsi öz əksini tapıb.

Abdullayev qətnamənin qəbul edilməsini Azərbaycan diplomatiyasının qələbəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, qətnamənin qəbul edilməsi təsdiq edir ki, dünya ictimaiyyəti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

Abdullayevin sözlərinə görə, sənəddə həmçinin göstərilir ki, bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğalı faktı, beynəlxalq prinsiplərin pozulması Aİ-nin mehriban qonşuluq siyasətinin əsas prinsiplərinə ziddir və "Şərq tərəfdaşlığı" proqramına zərbə vurur.

O bildirib ki, sənəddə Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz yerləşdirmə faktlarının araşdırılmasının zəruriliyi qeyd edilir.

Sənəddə Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinə nizami ordunun çağırışçılarının göndərilməsinin dayandırılması tələb edilir. Abdullayev, eyni zamanda, Azərbaycanın etimad addımlarının həyata keçirilməsi ilə bağlı mövqeyinin alqışlandığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti