...

Siyavuş Novruzov: Əli Kərimli Almaniya qəzetlərinə verdiyi müsahibələrdə Azərbaycanın əleyhinə iş aparır

Siyasət Materials 20 Aprel 2012 12:39 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı İctimai Palatanın (İP) 2 aprel 2011-ci il tarixli akyasında tutulmuş şəxslər və "Eurovision-2012" mahnı müsabiqəsi müzakirə olunub.
Siyavuş Novruzov: Əli Kərimli Almaniya qəzetlərinə verdiyi müsahibələrdə Azərbaycanın əleyhinə iş aparır

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir M.Əliyev/

Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı İctimai Palatanın (İP) 2 aprel 2011-ci il tarixli akyasında tutulmuş şəxslər və "Eurovision-2012" mahnı müsabiqəsi müzakirə olunub.

Trend-in məlumatına görə, müxalif Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə 2 aprel məhbuslarının azad edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, həmin şəxslər ya cəzalarının üçdə birini çəkməsi ilə əlaqədar, ya da əfv fərmanı ilə azadlığa çıxmalıdır.

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov isə Ağazadənin dedikləri ilə razılaşmayıb.

"Onların vicdan məhbusu adlandırılması doğru deyil. Bu şəxslər konkret cinayət törətmiş adamlardır. Bunların harası vicdan məhbusudur? Onlar bu və ya digər şəkildə cinayət törədiblər. Təkcə onlar yox, toyuq oğrusu da əfv istəyə bilər. Əfv istəyən müraciət etməlidir", - Novruzov əlavə edib.

Millət vəkili bəzi ölkələrin Azərbaycana qarşı təbliğat apardığını, bəzi şəxslərin də bu prosesə dəstək verdiyini bildirib.

"Əli Kərimli həftə səkkiz, mən doqquz Almaniya qəzetlərinə müsahibə verir, Azərbaycanın əleyhinə iş aparır, danışır. Bir dəfə də olsun Dağlıq Qarabağın işğalından danışmır", - YAP-dan olan deputat deyib.

Novruzov "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində aksiyaların təşkil olunmasını pisləyib.

"Belələri ölkədəki sabitliyi pozmaq istəyir", - YAP rəsmisi bildirib.

MM-in sədri Oqtay Əsədov isə deyib ki, "Eurovison" mahnı müsabiqəsi Azərbaycanda çox uğurla keçəcək.

"Ulu Öndərin sözü ilə desək, istəməyənlərin də arzuları gözündə qalacaq" Əsədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti