Azərbaycan, Bakı, 27 aprel /Trend/
Vaşinqtonda "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər" konfransının 3-cü sessiyası işini başa çatdırıb.
Trend-in konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinə istinadən verdiyi məlumata görə, "Tolerantlığın və və mədəniyyətlərarası dialoqun inkişafı: Azərbaycan modeli" adlanan 3-cü sessiyanı açan Çikaqo Universitetinin İslam üzrə professoru və Mədəniyyətlərarası Tədqiqatlar Departamentinin rəhbəri Skott Aleksandr etnik və dini dözümlülüyün Azərbaycan xalqına hər zaman xas olduğuna diqqət çəkib. O, Azərbaycanın əsas dini icmalarının rəhbərlərinin konfransda iştirak etdiklərini nəzərə çatdırıb və onları təqdim edib.
Azərbaycan katolik icmasının rəhbəri Vladimir Fekete respublikamızda hökm sürən tolerantlıqdan söz açaraq Azərbaycan xalqına xas olan bu mühüm dəyərin əbədi yaşamasını diləyib, Azərbaycan katoliklərinin öz dövlətlərinə daim sülh və əmin-amanlıq arzuladıqlarını bildirib.
Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev ölkədə yaşayan bütün yəhudilərin yüzillər boyunca dini dözümlülük şəraitində yaşayaraq milli və dini mədəniyyətlərini inkişaf etdiklərini bildirib, bunun dünya dövlətləri üçün nümunə olduğunu qeyd edib. Azərbaycan Pravoslav Yeparxiyasının rəhbəri Aleksandr İşeyn ölkədə yaşayan bütün etnik və dini icmaların qarşılıqlı anlaşma və dözümlülük şəraitində həyat sürdüyünü deyərək bunu Azərbaycanın ən böyük nailiyyətlərindən biri adlandırıb. Qafqaz Müsəlmanları Dini İdarəsinin rəhbəri hacı Allahşükür Paşazadə müstəqil Azərbaycanın bütün dinlərə eyni cür diqqət göstərdiyini qeyd etməklə bu münasibətdən qürur duyduğunu deyib. O, Sovet İttifaqının süqutundan sonra Azərbaycanda bütün dinlərə aid məbədləriin sayının dəfələrlə artdığını vurğulayaraq bunun ölkədə həyata keçirilən humanitar siyasətinin bariz nümunəsi olduğunu bildirib. Onun sözlərinə görə, dünya dini liderləri forumunun Azərbaycanda keçirilməsi beynəlxalq birlik tərəfindən dövlətimizin bütün dinlərə olan ehtiramının göstəricisi kimi qiymətləndirib. Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyindən danışan Paşazadə bunun baş verəcəyi təqdirdə işğal edilmiş torpaqlarda yerləşən və dağıdılmış bütün dini məbədlərin bərpa olunacağını bildirib.
Azərbaycan Milli Məclisinin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsini yad edib, onların arasında ölkədə yaşayan müxtəlif xalqların təmsilçilərinin olduğunu nəzərə çatdırıb. Seyidov Azərbaycanda hökm sürən milli və dini tolerantlığın dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirib.
Con Hopkins Universiteti Mərkəzi Asiya-Qafqaz İnstitutunun və İpək Yolu Tədqiqatları Proqramının Tədqiqat Direktoru Svante Kornell də Azərbaycana xas olan etnik dözümlülükdən söz açaraq, ölkədə etnik mənsubiyyət anlayışından daha çox vətəndaş anlayışının inkişaf etdiyini məmnunluq hissi ilə vurğulayıb.
Hayfa Universitetinin siyasi elmlər üzrə professoru Brenda Şaffer Azərbaycanın orada yaşayan xalqların hər birinin vətəni olduğunu qeyd edərək, ölkəmizin üzləşdiyi müharibə ilə bağlı bütün itkilərə baxmayaraq zor və terror yoluna əl atmadığını, məhz buna görə beynəlxalq sistemin Azərbaycanın problemlərinə daha həssas yanaşmasının vacibliyini göstərib. ABŞ və Azərbaycan arasında dostluq münasibətlərinin hökm sürdüyünü deyən Şaffer Konqres tərəfindən erməni separatçılarına yardımın dayandırılmasının əhəmiyyətli rol oynayacağını qeyd edib.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Avro-Atlantika Mərkəzinin rəhbəri Asim Mollazadə Azərbaycanın bir çox sahələrdə ilklərə imza atdığını deyərək bunun səbəbinin tolerantlıqda axtarılmalı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda böyük nailiyyətlər əldə edən müxtəlif etnik mənşələrə aid istedadlı insanlar digər ölkələrdən məhz etnik dözümsüzlüklərə görə buraya köç edib. Azərbaycanda dünyəvi dövlət dəyərlərinin köklərindən danışan Mollazadə bunun əsasının 20-ci əsrin əvvəllərində Avropa və Rusiyanın ali təhsli ocaqlarına oxumağa göndərilmiş gənc azərbaycanlılar tərəfindən qoyulduğunu bildirib. Ölkədə qadınların tam azad olduqlarından söz açan Mollazadə Azərbaycan və ABŞ-ın multikulturalizmdən eyni qaydada yararlandığını deyib.
ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü Maykl MakMahon Azərbaycanı "dini harmoniya ölkəsi" adlandırıb, ölkəmizlə yüksək səviyyəli əlaqələrin ABŞ-ın milli maraqlarına cavab verdiyini deyib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.