...

Səməd Seyidov: Azərbaycan Avropa Parlamenti ilə münasibətlərə yenidən baxmalıdır

Siyasət Materials 25 May 2012 17:47 (UTC +04:00)
Avropa Parlamentinin qətnaməsi Azərbaycanın Avropa Parlamenti ilə ikitərəfli münasibətlərinə xələl gətirir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Səməd Seyidov: Azərbaycan Avropa Parlamenti ilə münasibətlərə yenidən baxmalıdır

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir M.Əliyev/

Avropa Parlamentinin qətnaməsi Azərbaycanın Avropa Parlamenti ilə ikitərəfli münasibətlərinə xələl gətirir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Avropa Parlamentinin qərarını qeyri-obyektiv, qərəzli hesab edən millət vəkili bildirib ki, Azərbaycanın əldə etdiyi uğurlar onu sevməyənləri narahat edir.

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avroatlantik məkana inteqrasiya edir. Biz 2000-ci ildən AŞ PA, ATƏT PA, Avropa İttifaqı, İslam Konfransı təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq edir. Bu gün Azərbaycan 155 ölkənin səsini qazanmaqla BMT Təhlükəsizlik şurasının tribunasından çıxış edir. Bütün bunlar Azərbaycanı sevməyənləri narahat edir. Əslində, biz bu cür əks qüvvələrlə 2000-ci ildən üzləşmişik, lakin həmişə dözümlülük nümayiş etdirmişik, səbrlə, təmkinlə cavab vermişik", - Seyidov vurğulayıb.

Onun sözlərinə görə, bəzi qüvvələr hesab edirlər ki, İslam və demokratiya bir-biri ilə ziddiyət təşkil edir.

"Əhalisinin 80-85 faizi müsəlmanlardan ibarət olan Azərbaycanda bu cür demokratik cəmiyyətin inkişaf etdiyi, ailə dəyərlərinə qiymət verildiyi, müxtəlif dinlərin nümayəndələrinin birgə yaşadığı, inkişaf etdiyi təkzibolunmaz faktlardır", - komitə sədri deyib.

Seyidov qeyd edib ki, bu gün Avropa İttifaqına üzv olan ölkələrin bir çoxunda insan haqları kobud şəkildə pozulur və elə ölkələr var ki, onlardan Avropa İnsan Haqları Məhkəməsinə ildə 7000 müraciət daxil olur, Aİ üzvü olmayan Azərbaycan üzrə bu rəqəm cəmi 1000-ə yaxındır. Bu da öz növbəsində kimin demokrat və azad cəmiyyətdə yaşadığının göstəricisidir.

"Avropa Parlamentinin bu qətnaməsi həmin qurumla münasibətlərə yenidən baxmağımıza zərurət yaradır", - o bildirib.

Seyidov deyib ki, mayın sonlarında AŞ PA-nın Parisdə keçiriləcək Monitorinq, həmçinin Siyasi məsələlər və Daimi komitələrinin iclaslarında Azərbaycan nümayəndə heyəti bu məsələni qaldıracaq və Avropa Parlamentinin qeyri-obyektiv qərar qəbul etdiyini onların diqqətinə çatdıracaq.

Seyidov özü bu iclaslarda iştirak etməyəcək.

Xəbər lenti

Xəbər lenti