...

Azərbaycan-Litva ikitərəfli əlaqələrinə həsr olunmuş görüş keçirilib

Siyasət Materials 27 Avqust 2012 13:11 (UTC +04:00)
Bu gün Azərbaycan və Litva gənclərinin birgə yay düşərgəsi çərçivəsində işçi seminar keçirilib.
Azərbaycan-Litva ikitərəfli əlaqələrinə həsr olunmuş görüş keçirilib

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Bu gün Azərbaycan və Litva gənclərinin birgə yay düşərgəsi çərçivəsində işçi seminar keçirilib.

Trend-in məlumatına görə, "Beyin fırtınası" ("Brain storming") mexanizmi əsasında təşkil edilmiş tədbirdə iştirakçıların kreativ və yaradıcı yanaşması əsasında Azərbaycan və Litva gəncliyi arasında əlaqələrin qurulması, iki ölkə arasında əlaqələrin perspektivi barədə fikir mübadiləsi aparılıb.

Tədbirin moderatorları Azərbaycan tərəfdən millət vəkili Ceyhun Osmanlı və Litva tərəfdən Sosial Demokratlar Partiyasının Gənclər təşkilatının sədri Juras Pozelas olub.

Tədbirdə gənclər təşkilatları arasında əlaqələrin qurulması, bu sahədə gələcəkdə həyata keçiriləcək təşkilati məsələlərlə bağlı təqdimatlar keçirilib, fikir mübadiləsi aparılıb. Tədbirdə səsləndirilən maraqlı ideyalar toplanıb, gələcək fəaliyyət üçün faydalı fikirlərdən istifadə edilməsi qərara alınıb.

Yay düşərgəsinin iştirakçıları Qəbələ rayonunun tarixi və gəzməli yerlərinə ekskursiyalar da ediblər.

Qeyd edək ki, yay düşərgəsinin təşkili bu il aprelin 2-də Bakı şəhərində keçirilən Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın ikinci iclası zamanı razılaşdırılıb və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi, ictimai qurumlar və gənclər təşkilatları arasında dialoqun genişləndirilməsi məqsədini daşıyır.

Həmçinin, avqustun 26-da Qəbələdə azərbaycanlı və litvalı gənclərin iştirakı ilə ikitərəfli əlaqələrin genişləndirilməsinə həsr olunmuş konfrans keçirilib. Konfrans Azərbaycan və Litva gənclərinin yay düşərgəsi çərçivəsində təşkil edilib.

Tədbirdə litvalı gənclərə Azərbaycan haqqında geniş informasiya verilib, Vergilər, Təhsil, Gənclər və İdman nazirliklərinin nümayəndələri ölkəmizdə həyata keçirilən gənclərlə bağlı dövlət siyasəti, Azərbaycanın təhsil sistemi, Azərbaycan-Litva hökumətlərarası komissiyasının fəaliyyəti barədə konfrans iştirakçılarına ətraflı məlumat veriblər.

Tədbirdə ictimai birliklərin, gənclər təşkilatlarının nümayəndələri də çıxış ediblər. "İrəli" İctimai Birliyinin nümayəndəsi Azər Abdullayev, Litvada "AYOL" azərbaycanlı gənclərin təşkilat rəhbəri Samir Musayev ölkəmizdə gənclər təşkilatlarının fəaliyyətindən danışıb, litvalı gəncləri təmsil edən Qrete Svegzdaite və Darius Skuseviçius isə öz ölkələrində həyata keçirilən gənclər və təhsil siyasətləri ilə bağlı təqdimatlar ediblər.

Xəbər lenti

Xəbər lenti