...

İctimai Palata – Məşvərət Məclisi əməkdaşlığı: qarşılıqlı ittihamlar

Siyasət Materials 26 Sentyabr 2012 12:21 (UTC +04:00)
Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının 16 müxalifət partiyasını birləşdirən Demokratik Qüvvələrin Məşvərət Məclisində (DQMM) iştirak etməsi məsələsi hər iki tərəfin qarşılıqlı ittihamları ilə müşahidə olunur.
İctimai Palata – Məşvərət Məclisi əməkdaşlığı: qarşılıqlı ittihamlar

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının 16 müxalifət partiyasını birləşdirən Demokratik Qüvvələrin Məşvərət Məclisində (DQMM) iştirak etməsi məsələsi hər iki tərəfin qarşılıqlı ittihamları ilə müşahidə olunur.

DQMM-də təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc Trend-ə açıqlamasında Müsavat və AXCP də daxil olmaqla, Azərbaycandakı bütün müxalifət partiyalarını DQMM-ə dəvət etdiyini deyib.

"Biz Demokratik Qüvvələrin Məşvərət Məclisini yaradarkən ölkədəki bütün partiyaları ora dəvət etmişdik, o cümlədən AXCP və Müsavatı. AXCP bir neçə tədbirdə müşahidəçi qismində iştirak etdi, ancaq sonradan müxtəlif bəhanələrlə oradan uzaqlaşdı", - Əhməd Oruc deyib.

Onun sözlərinə görə, İctimai Palata daxilində belə məsələ qalxdı ki, orada təmsil olunan partiyaların başqa hər hansı bir mərkəzdə iştirak etməsi doğru deyil.

"Sonra ikinci dəfə biz onlara əməkdaşlıq təklif etdik. Rəsmi müraciət etdik ki, bu iki qurum arasında əməkdaşlığın tərəfindəyik və hesab edirik ki, indiki dövrdə müxalifətin toparlanması, bir araya gəlməsi, dağınıqlığın ortadan götürülməsi üçün bizim birgə fəaliyyətimizə zərurət var. O müraciətə də hələ cavab verməyiblər", - Əhməd Oruc deyib.

O təəsüf etdiyini bildirib ki, İctimai Palatada təmsil olunan partiyalar bir növ parçalayıcı mövqedən çıxış edirlər.

"Onlar hesab edirlər ki, indiki dövrdə beynəlxalq ictimai rəydə əsas tanınan qüvvə onlardır, xarici ölkə səfirlikləri müxalifət qismində onları tanıyır, onlar da sanki müxalifətçiliklərini heç kimlə bölüşmək istəmirlər və müxalifətçilikdən müəyyən mənada dolanmaqla məşğuldular. Təəsüf ki, bunların bu mövqeyi müxalifətin bir araya gəlməsinə maneə törədir", - partiya sədri deyib.

DQMM-in İctimai Palataya alternativ olması barədə səsləndirilən fikirlərə münasibət bildirən Əhməd Oruc təmsil etdiyi qrumun İctimai Palataya alternativ olmadığını deyib. Onun fikrincə, İctimai Palata intriqalara və qrant almağa hesablanmış bir qurumdur.

"Demokratik Qüvvələrin Məşvərət Məclisi isə 2013-cü ilə qədər müxalifəti bir araya gətirmək və prinsiplər əsasında fəaliyyət göstərmək niyyətində olan bir qrumdur. Biz istənilən bir təşkilatın Məşvərət Məclisində təmsil olunmasına qarşı deyilik, heç bir şərt irəli sürmürük. Onlar isə yalnız özlərinin müxalifətçi qismində tanınması, digərlərinə şər-böhtan atılması və s. mövqedən çıxış edirlər. Fərq bundadır, DQMM İctimai Palataya alternativ deyil. Əgər alternativ olsaydıq, onları tədbirlərimizə dəvət etməzdik", - Əhməd Oruc vurğulayıb.

Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy isə Trend-ə açıqlamasında bu fikirlərin tamamilə yalnış olduğunu bildirib.

O hesab edir ki, bu gün Azərbaycanın siyasi həyatında özünü təsdiq etmiş bir qurumda təmsil olunan Müsavat və AXCP-nin eyni zamanda Demokratik Qüvvələrin Məşvərət Məclisində iştirak etməsi bir az absurd görünür.

"Bu, artıq avtomatik olaraq İctimai Palatanın buraxılması deməkdir. Hesab edirəm ki, həm Məşvərət Məclisi, həm də İctimai Palata hansısa zaman kəsimində birlikdə əməkdaşlıq edəcəklər. Bunun üçün şərtlər müəyyən olunmalıdır. Hər bir siyasi partiya öz gücünü, potensialını bilir və buna uyğun şəkildə hərəkət etməlidir", - Əlisoy bildirib.

O qeyd edib ki, Azərbaycan siyasətinin ən böyük bəlalarından biri odur ki, siyasi potensialı özünə və cəmiyyətə bəlli olan bir qüvvə elə çıxışlar edir ki, sankı bütün qüvvələr onun ətrafında birləşməlidir. "Düşünürəm ki, birləşmə məsələsində hər şey ölçülüb-biçilməlidir", - başqan müşaviri bildirib.

DQMM-in İctimai Palataya alternativ olması barədə fikirlərə gəlincə isə Əlisoy qeyd edib ki, ortada reallıqlar var, İctimai Palatanın hansı gücə, digər siyasi qüvvələrin hansı gücə malik olduğu aydındır: "Hesab edirəm ki, siyasətdən az-çox başı çıxan adamlar hər şeyə obyektiv qiymət verə bilərlər".

Xəbər lenti

Xəbər lenti