...

Qəzzaya hücumdan İran qalib çıxır?

Siyasət Materials 19 Noyabr 2012 15:36 (UTC +04:00)
Qəzzaya hücumdan İran qalib çıxır?
Qəzzaya hücumdan İran qalib çıxır?

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

"Ən yaxşı müdafiə hücumdur" prinsipi ilə hərəkət edən İsrail Hərbi Hava Qüvvələrinin əməliyyatları HƏMAS və "İslami Cihad"a qarşı olsa da, keçirilən hərbi reydlər nəticəsində mülki əhalinin daha çox öldürüldüyünün şahidi oluruq. Bu isə münaqişənin daha da faciəvi şəkil almasına yol açır.

Baş verən hadisələr İsrail-Fələstin münaqişəsinin növbəti raundu kimi qiymətləndirilsə də, münaqişənin nə üçün məhz indi yenidən başlanması diqqətdən qaçır.

Qəzzaya son hücumla Suriyada yaşananlar arasında heç bir əlaqə olmadığı hesab edilsə də, əslində, hadisələri diqqətlə izlədikdə Qəzzaya edilən son hücumların bir başa Suriya ilə əlaqəsini görmək olar.

Daxili fikir ayrılığının hakim olduğu Suriya Milli Şurasına "Müsəlman qardaşların" yetirməsi olan Muaz Xətibin seçilməsi ölkədəki rejimin dəyişilməsi istiqamətində atılan ən ciddi addım kimi qiymətləndirilir.

Məhz Xətibin seçilməsindən sonra, Qəzzada İranın ən yaxın müttəfiqi olan "İslami Cihad" tərəfindən İsrailin yenidən raket atəşinə tutulması müşahidə olundu. Bir çox siyasi analitiklər "İslami Cihad"ın bu addımı "ərəb baharından" ilham alaraq atdığını irəli sürsələr də, söylənilənlər bir o qədər də həqiqəti əks etdirmir.

Əgər doğurdan da "İslami Cihad" bunu "ərəb baharından" ilhamlanaraq etmiş olsaydı, heç şübhəsiz ki, İsrailin regiondakı ən yaxın müttəfiqi Hüsni Mübarəkin süqutundan sonra edərdi.

Baş verən hadisələri və "İslami Cihad" - İran əlaqələrini yaxından izlədikdə isə bunun əsla təsadüf olmadığını və birbaşa Suriya rejiminin hakimiyyətdə qalması üçün atılan önəmli addımlardan biri olduğunu görmək olar.

Çünki Suriya məsələsində islam və ərəb dünyasında fikir ayrılığının olmasına baxmayaraq, İsrail - Fələstin münaqişəsində demək, olar ki, analoji hal müşahidə olunmur.

Bəşşar Əsədin hakimiyyətdə qalmasının tərəfdarı olan İran isə bunu yaxşı bilir. Əslində İsrail rəsmiləri də bunun Suriyadakı rejimin hakimiyyətdə qalması planının bir parçası olduğunu bilirlər, lakin rəsmi Tel-Əvivin bu məsələdə heç bir alternativi yoxdur.

Əgər 2008-ci ildə İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar İrana qarşı yəhudi-ərəb ittifaqı hesab edilirdisə də, bu gün İran Qəzza kartını ərəb dünyasına qarşı istifadə edir.

Təbii ki, İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlarla HƏMAS və "İslami Cihadın" fəaliyyətinin də sona çatacağı inandırıcı deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti