Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/
Abşeron yarımadasındakı keçmiş yod zavodlarının qalıqları ilə çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı həyata keçirilən layihənin yekunları müzakirə olunub.
Trend-in məlumatına görə, layihə Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə birgə həyata keçirilib.
Bu gün keçirilən tədbirin açılışında fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib ki, layihə Sabunçu və Suraxanı rayonları ərazisində bir vaxtlar fəaliyyət göstərmiş yod zavodlarının qalıqlarının ləğv edilməsi ilə bağlı olub. Onun sözlərinə görə, Ramanı istehsalat sahəsində və Suraxanıda həyata keçirilən layihə BAEA ekspertlərinin nəzarəti altında reallaşdırılıb.
BAEA nümayəndəsi Andrey Çupov tədbirdə bildirib ki, "Keçmiş Bakı Yod zavodunun Sabunçu və Suraxanı rayonlarında yerləşən istehsalat sahələrinin və onların ətrafının təbii radionuklid tərkibli kömür, neft, neft məhsulları və digər tullantılarla çirklənmiş ərzilərinin təmizlənməsi" layihəsi Azərbaycan hökümətinin mürəciəti əsasında həyata keçirilib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycana missiya göndərib, missiya ölkədə görülən işlərin texniki ekspertizası ilə məşğul olub.
BAEA-nın digər eksperti Horst Moken Fernandes işçi qrupuna daxil olan şəxslərin peşəkar ekspertlər olduğunu deyib.
AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirb ki, bu problem uzun müddət idi narahatlıq doğururdu.
"Lakin bu ərazi yaşayış üçün tam yararlı vəziyyətə gətirilib. Abşeronun bütün ərazisində torpaqların nümunələri götürülüb, analiz olunub və zərərli maddələrin normadan yüksək olmadığı aydınlaşıb", - institut dirketoru deyib və bildirib ki, bu, layihənin yüksək səviyyədə həyata keçirildiyini göstərir.
Nazir müavini Faiq Tağızadə bildirib ki, digər keçmiş yod zavodunun zərərli qalıqları Nefçala ərazisindədir. Onun sözlərinə görə, həmin ərazinin də təmizlənməsi istiqamətində hazırlıq işləri görülür. "Neftçala rayonunun özünəməxsus xüsusiyyətləri var və BAEA, Radiasiya Problemləri İnstitutunun mütəxəssisləri ilə araşdırılmalıdır", - Tağızadə deyib.
Nazir müavini qeyd edib ki, Nefçalada görüləcək işlərlə bağlı layihələndirmə işləri yekunlaşır və bu ilin sonuna kimi ilkin praktik işlərə başlanılacaq.