...

Mərkəzi Asiya ölkələri arasında həyat sınağı

Siyasət Materials 28 Dekabr 2012 16:22 (UTC +04:00)
Sovetlər dövründə Mərkəzi Asiya bölgəsində bütün ölkələri bağlayan bir bütöv enerji şəbəkəsi mövcud idi. 2003-cü ildə Türkmənistan, 2009-cu ildə isə Tacikistan bu sistemi tərk etdi. Bundan sonra ölkələr arasında ikitərəfli danışıqlar başladı və razılaşmalar əldə edildi.
Mərkəzi Asiya ölkələri arasında həyat sınağı

Arzu Nağıyev - Trend-in icmalçısı

Sovetlər dövründə Mərkəzi Asiya bölgəsində bütün ölkələri bağlayan bir bütöv enerji şəbəkəsi mövcud idi. 2003-cü ildə Türkmənistan, 2009-cu ildə isə Tacikistan bu sistemi tərk etdi. Bundan sonra ölkələr arasında ikitərəfli danışıqlar başladı və razılaşmalar əldə edildi.

Hər hansı siyasi və ya regional problemlər razılaşmaların pozulmasına gətirib çıxarırdı. Bundan isə ən çox əziyyət çəkən qış mövsümündə evlərinə işıq və qaz verilməyən əhali olurdu.

Bu məsələlər hələ də öz həllini sona qədər tapmır. Belə ki, Özbəkistanın "Uztransgaz" şirkəti 2013-cü il yanvar ayının 1-dən etibarən Tacikistana qaz təchizatını dayandıracağı barədə xəbərdarlıq edib və dekabrın 26-da qazın verilməsini dayandırıb. Səbəb isə indiyə qədər iki ölkə arasında növbəti il üçün qaz təchizatı ilə bağlı müqavilənin imzalanmaması göstərilir. Məhz buna görə Tacikistan sakinləri istər qazın, istərsə də elektrikin fasiləsiz təchizatının nə olduğunu çoxdan unudublar.

Özbəkistan və Tacikistan arasında qaz təchizatı ilə bağlı gərginlik müntəzəm baş verir. 2012-ci ilin ilk günlərində Özbəkistan Tacikistana yanacaq ixracını dayandırdı və iki ölkənin nümayəndə heyətləri görüşdükdən sonra problem öz həllini tapdı. 2012-ci ilin aprel ayında "resurslarının olmaması" bəhanəsi ilə qazın verilməsi bir daha dayandırıldı. Ekspertlərin fikrincə, Daşkəndin əsas məqsədi digər tərəfdaşların ziyanına olaraq qazı əsas müştərisi olan Çinə satmaq olub.

Qış mövsümündə əhalinin enerji ilə təchizatı problemi tək Tacikistanda deyil, Mərkəzi Asiyanın digər ölkələrində - Qırğızıstanda, hətta təbii qaz ixrac edən Özbəkistanın özündə də kəskin şəkildə mövcud olur.

2013-cü ildə Qırğızıstan da öz növbəsində qazsız qala bilər. Qırğızıstan ilə Özbəkistan arasında Qazaxıstan ərazisi ilə nəqli nəzərdə tutulmuş yanacaq təchizatı üzrə müqavilənin müddəti 31 dekabr 2012-ci ildə başa çatır və yeni bir sənədin imzalanması üzrə danışıqlar hələ başlamayıb. Bişkəkin ümid yeri isə "Kırgızgaz"ın səhmlərini simvolik, ucuz qiymətə əldə edəcək Rusiyanın "Qazprom" şirkətinədir. Amma "Qazprom" Qırğızıstan şirkətinə sahibliyi yalnız 2013-ci ilin birinci rübündən edəcək. Yəni Qırğızıstan Özbəkistan ilə qaz təchizatı üçün növbəti müqaviləni müstəqil imzalamalı olacaq.

Bununla belə, artıq dekabrın 13-dən Qırğızıstan Özbəkistan qazını ala bilmir. Daha doğrusu, Qazaxıstanda keçən anomal hava şəraitinə görə qaz tələbatı artıb. Bir həftə ərzində qaz olmaması səbəbindən elektrik istehlakı kəskin artıb, bu isə qəzalar nəticəsində, öz növbəsində, Qırğızıstanın şimal rayonlarında enerji böhranı yaradıb.

Verilən proqnozlara görə, bu il qış ötən illərlə müqayisədə daha sərt keçəçək. Bu isə ancaq elektrik enerjisi və ya qaz təchizatı üçün deyil, eyni zamanda, Mərkəzi Asiya dövlətlərinin münasibətlərində də sınaq dövrü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti