...

Mehriban Əliyeva Romada Cüzeppe Verdinin “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni təqdimatının premyerasına tamaşa edib (FOTO)

Siyasət Materials 7 Mart 2013 08:00 (UTC +04:00)
Martın 6-da Roma Opera Teatrında Cüzeppe Verdinin “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni təqdimatının nümayişi olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva operanın yeni təqdimatının premyerasında iştirak etmişdir.
Mehriban Əliyeva Romada Cüzeppe Verdinin “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni təqdimatının premyerasına tamaşa edib (FOTO)

Azəbaycan, Bakı, 7 mart /Trend/

Martın 6-da Roma Opera Teatrında Cüzeppe Verdinin "Foskari ailəsinin iki nümayəndəsi" operasının yeni təqdimatının nümayişi olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva operanın yeni təqdimatının premyerasına tamaşa etmişdir.

AzərTAc Dövlət İnformasiya Agentliyinin məlumatına görə, Mehriban xanım Əliyevanı Roma Opera Teatrının idarə heyətinin sədri, İtaliya paytaxtının meri Covanni Alemanno qarşılamışdır.

Roma opera teatrı 1880-ci ildə açılmışdır. Məhz bu teatrda Ciakomo Puççininin "Toska", Pyetro Maskanyinin "Maskalar" və digər tanınmış bəstəkarların operalarının premyeraları olmuşdur. Bu səhnədə isə Cemma Bellinçoni, Hariklea Darkle, Antonio Kotonyi, Enrike Karuzo, Tito Skipa, Mersedes Lyopart kimi görkəmli ifaçılar çıxış etmişlər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva teatrın direktoru Kapello De Martino, Roma Opera Teatrı Fondunun prezidenti xanım Daniella Traldi, İtaliyanın müdafiə naziri Giampaolo Di Paola, İtaliya Konstitusiya Məhkəməsinin sədri Franko Qallo, parlament məsələləri üzrə nazir Dino Piero Giarda və İtaliyanın digər siyasi-ictimai şəxsləri ilə görüşmüşdür. Azərbaycan ilə İtaliya arasında müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafından məmnunluq ifadə olunan görüşdə Heydər Əliyev Fondunun ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verdiyi vurğulanmışdır.

Sonra operanın vətəni sayılan İtaliya paytaxtında Rikardo Mutinin dirijorluğu ilə tanınmış bəstəkar Cuzeppe Verdinin "Foskari ailəsinin iki nümayəndəsi" operasının yeni təqdimatı olmuşdur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva operanın yeni təqdimatının premyerasına baxmışdır.

Lord Bayronun eyniadlı tragediyası əsasında yazılan əsər ilk dəfə 1844-cü ildə məhz Romada "Arcentino" teatrında səhnələşdirilmişdir.

Operanın əsas qəhrəmanları Françesko Foskari, Yakopo Foskari, Lukretsiya və Loredanodur. Hadisə 1457-ci ildə Venesiyada baş verir. Bayronun bu tragediyası zahirən az effektli görünsə də psixoloji dərinlikləri ilə fərqlənir. Buradakı ziddiyətlər əsas qəhrəmanların düşdüyü vəziyyəti açmağa imkan verir. Operada sevgi intriqası yoxdur, onun əsas məzmununu siyasi mübarizənin qurbanına çevrilən Foskari nəslinin faciəvi taleyi təşkil edir. Əsərdə əsas diqqət lirik səhnələrə yönəlmişdir. İlk dəfə olaraq məhz bu operada Cüzeppi Verdi üç aktdan ibarət struktura müraciət etmişdir. Operanın kompozisiyasına gəlincə isə 1-ci və 3-cü pərdədə hadisələr bir-birini sürətlə
əvəzləyir, 2-ci pərdə isə tamamlıqla xarakterizə olunan dramın lirik mərkəzidir. Operanın yekun akkordları faciəvi gücünə görə Verdinin digər əsərlərindəki musiqidən çox fərqlənir və gücünə görə bəstəkarın yaradıcılığının zirvəsi hesab edilir.

"Foskari ailəsinin iki nümayəndəsi" operasının yeni təqdimatı tamaşaçıların gurultulu alqışları ilə qarşılanmışdır.

Sonra Azərbaycanın birinci xanımı London, La-Skala, Filadelfiya, hazırda isə Çikaqo simfonik orkestrinin dirijoru Rikardo Muti ilə görüşmüşdür. Dünyanın ən görkəmli dirijorlarından olan maestro Roma opera teatrının da fəxri dirijorudur və bu sənət məbədində ən böyük premyeralarda orkestrə rəhbərlik edir.

Günün sonunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə Roma Opera Teatrının idarə heyətinin sədri, Roma şəhərinin meri Covanni Alemanno tərəfindən şam yeməyi verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti