Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir T.Cəfərov/
İranla Azərbaycan sərhədində, Aslandüz (Parsabad)- Horadiz (Füzuli) bölgəsində "Aslandüz (Horadiz)" sərhəd-keçid məntəqəsinin yenidən fəaliyyətə başlaması üçün infrastruktur artıq hazırdır və yaxın vaxtlarda məntəqəinin açılması gözlənilir. Trend-in İranın Azərbaycandakı Səfirliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Aslanduz sərhəd keçid məntəqəsinin yenindən açılmasında problemlərin həlli yollarının araşdırılması ilə bağlı bu gün Parsabad şəhərində keçirilən iclasda deyib.
Pakayin deyib ki, artıq bu sərhəd keçid məntəqəsinin yenindən açılması üçün heç bir maneə yoxdur: "Azərbaycan Respublikası da Aslandüz sərhəd keçid məntəqəsinin fəaliyyətində maraqlıdır. Bu sərhəd keçid-məntəqəsinin yenidən açılması hər iki ölkədə sərhədyanı zonalarda yaşayan əhalinin yaşayışının yaxşılaşdırılmasına təkan verəcək".
Pakayin əlavə edib ki, İran və Azərbaycan arasında tarixi, mədəni və dini bağlılıqlar var: "İki ölkə arasında bir çox sahələrdə əlaqələr günbəgün inkişaf edir və heç şübhəsiz, Aslanduz sərhəd keçid məntəqəsinin yenidən fəaliyyəti əlaqələrin daha da inkişafına təkan verəcək".
Parsabad Ərdəbil vilayətinin şimalında yerləşir və Azərbaycan Respublikası ilə təxminən 100 kilometr ortaq quru və su sərhədinə malikdir.
Azərbaycan və İran sərhədində beynəlxalq marşrutlarda 6 sərhəd-keçid məntəqəsi mövcuddur ki, onlardan hazırda 5- i (Culfa, Şahtaxtı, Astara, Biləsuvar və İmişli sərhəd keçid məntəqələri ) fəaliyyət göstərir, Horadiz gömrük postu isə uzun müddətdir fəaliyyətini dondurub.