...

Diqqət mərkəzində olan region

Siyasət Materials 15 Avqust 2013 11:05 (UTC +04:00)
Rusiyanın son vaxtlar Cənubi Qafqaz regionuna xüsusi maraq göstərməsi müəyyən qədər digər problemlərin arxa plana keçməsinə bir zəmin yaratdı. Lakin bu o demək deyil ki, maraqlı tərəflər gözləmə mövqeyini seçdilər. Əsla belə deyil.
Diqqət mərkəzində olan region

Arzu Nağıyev - Trend-in icmalçısı

Rusiyanın son vaxtlar Cənubi Qafqaz regionuna xüsusi maraq göstərməsi müəyyən qədər digər problemlərin arxa plana keçməsinə bir zəmin yaratdı. Lakin bu o demək deyil ki, maraqlı tərəflər gözləmə mövqeyini seçdilər. Əsla belə deyil.

Bu gün region üçün maraq doğuran məsələlərdən ən başlıcası Rusiya-ABŞ münasibətlərinin necə inkişaf edəcəyidir. Baş verə biləcək hər bir dəyişiklik region ölkələrindən hər birini- İranı, Türkiyəni, Azərbaycanı, Ermənistanı, Gürcüstanı maraqlandırır. Cünki baş verəcək proseslərdə bu ölkələrin hər birinin öz maraqları var. Bu dövlətlərin hər biri MKİ-nin əməkdaşı Edvard Snoudenə Rusiya tərəfindən siyasi sığınacaq verildikdən sonra Moskva-Vaşinqton dialoqunda yaranmış çətinliklərin hansı məcraya yönələcəyini diqqət mərkəzində saxlayırlar. Məlumdur ki, bu problemə görə ABŞ prezidenti Barak Obama Rusiya ilə münasibətlərə fasilə vermək və ya yenidən baxmaq fikrindədir.

Məlumdur ki, Sankt-Peterburqda keçiriləcək "Böyük iyirmilik" Zirvə Sammitindən sonra Moskvada Putin-Obama görüşü planlaşdırılırdı. Hər iki tərəfin rəsmilərinin açıqlamalarından aydın görünür ki, bu görüşün baş tutacağı sual altındadır.

Rusiya-Amerika münasibətlərində baş verən fəsadların birbaşa region ölkələrinə ciddi təsiri ola bilər. Götürək NATO-nun üzvü olan Türkiyəni, çünki bu gərginlik ondan yan keçməyəcək. Türkiyə böyük beynəlxalq arenalarda Azərbaycanın sözünü deyə bilən, daima onu dəstəkləyən dövlətdir və "Böyük iyirmiliyə" üzv olmaqla uzun bir zaman kəsiyində beynəlxalq səhnədə öz rolunu gücləndirib və regional proseslərdə ciddi oyunçudur. Burada əlbəttə, əsas söhbət iqtisadiyyat sahəsində inteqrasiya layihələrindən gedir. Sadəcə onu demək kifayətdir ki, Rusiya və Türkiyə arasında yalnız ticarət dövriyyəsi 40 milyard dollardan artıqdır və gələcəkdə bunu tərəflər 100-150 milyarda çatdırmağı planlaşdırırlar. Yəni, NATO-nun üzvü olmasına baxmayaraq Ankara, Rusiya və onunla yanaşı digər MDB dövlətləri ilə də münasibətlərə önəm verir. Bir-birinə siyasi inam göstərmək məqsədilə 2001-ci ildə Avrasiyada əməkdaşlıq haqqında saziş də imzaladılar.

Ankara və Vaşinqton arasında da regionun stabilliyinə təsir edə biləcək problemlər mövcuddur. Türkiyə bir neçə dəfə mühüm xarici siyasi qərar qəbul etmək qabiliyyətini nümayiş etdirməyə çalışmış, lakin bu ancaq, necə deyərlər "soyuq müharibə" bitdikdən sonra mümkün olmuşdur. Yəni, Moskva-Vaşinqton danışıqlarında regionun heç bir ölkəsi, əsasən də Azərbaycan və Türkiyə kənar müşahidəçi deyillər. Bu, bir daha Suriya məsələsində də hiss olundu. Moskva və Vaşinqton Suriya ilə bağlı "Cenevrə-2" beynəlxalq konfransın keçiriləcəyini təsdiqlədilər, yəqin ki, Türkiyə və Azərbaycanın da iştirakı təmin ediləcəkdir.

Bu gün Rusiya "soyuq müharibə"nin küləklərinin bir daha əsməsini əlbəttə ki, istəmir. Ruslar əlindən gələni edir ki, xarici işlər və müdafiə nazirləri arasında "2 +2" formatında Vaşinqton danışıqları müsbət nəticə ilə başa çatsın. Hətta ABŞ-ın müdafiə nazirini Belarus ilə birgə keçiriləcək "Qərb-2013" hərbi təlimlərə dəvət edir, Putin-Obama görüşünün keçiriləcəyinə ümid bəsləyirlər.

Qeyd etmək yerinə düşərdi ki, Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsi Ermənistanın özünün də siyasi-iqtisadi təhlükəsizliyinin təminatına yenidən baxmağa gətirəcək və əsasən hərbi təminatlar axtarmağa sövq edəcəkdir. Rusiya isə buna birmənalı sərt reaksiya verə bilər. Vəziyyətdən çıxış kimi isə yenə də ruslarla münasibəti yumşaltmaqdan başqa yol qalmır. Artıq Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Ermənistana səfər edib.

Bütün bunlar bir daha göstərir ki, regionun stabilliyi üçün Rusiya-Vaşinqton münasibətləri həlledici faktordur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti