Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda 125 seçki dairəsinin hamısında seçkilərin demokratik və şəffaf keçirilməsinə hazırlığı yoxlamaq üçün çox ciddi monitorinq keçirilib. Trend-in məlumatına görə, bunu bazar ertəsi keçirdiyi brifinqdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
M.Pənahovun sözlərinə görə, baxmayaraq ki, seçkilərə hazırlıqla bağlı heç bir problem olmayıb, ölkədə inkişaf getdiyi üçün, məntəqə və dairələr də inkişaf tələblərinə cavab verən səviyyədə olmalıdır: "5300-ə yaxın daimi seçki məntəqəsi və 219 müvəqqəti yaradılan seçki məntəqəsinin hamısı seçkilərə tam hazırdır".
M. Pənahov qeyd edib ki, seçici siyahısı insanların son altı ay ərzində yerləşməsinə uyğun olaraq nəzərə alınır: "Azərbaycan daxilində tez-tez yerdəyişmələr olur, insanlar bir yerdən digər yerlərə köçürlər. Bu səbəbdən də seçici siyahılarını hazırlayarkən yerli icra strukturları və bələdiyyələrin verdiyi siyahılardan istifadə olunur. Bəzən seçicilər də adlarının seçici siyahısına düşməsinə tənbəllik edirlər. Lakin buna baxmayaraq əgər seçici siyahıya düşməsə, belə seçicilər seçki günü məntəqələrə yaxınlaşıb, əlavə seçici siyahısına düşərək səs verə bilərlər. Çünki səs vermək bütün vətəndaşların konstitusion hüququdur və MSK bu hüququ təmin edir. Bəzi beynəlxalq təşkilatlar bu məsələdə nəsə tapıb seçkilərin şəffaf keçirilməsinə kölgə salmağa çalışırlar".
M.Pənahov həmçinin qeyd edib ki, polislər üçün də seçkilərdə davranış qaydaları ilə bağlı treninqlər keçirilib. Ümumilikdə seçkilərlə bağlı bütün dövlət strukturlarının nümayəndələri tam maaarifləndirilib.
MSK sədri deyib ki, ölkə xaricində olan diplomatik nümayəndəliklərin də seçki məntəqələri yaradılıb: "38 belə məntəqə yaradılıb və onlar da artıq seçkilərə tam hazırdırlar. Biz seçki günü kənarda olan Azərbaycan vətəndaşlarının da səs hüququnu tanıyacağıq və onların səs vermələrinə şərait yaradacağıq. Xaricdə olan istənilən Azərbaycan vətəndaşı həmin ölkədə yaradılan seçki məntəqəsinə gedərək səs verə bilər".
Azərbaycan Prezidenti İlham Əliyevin regionlara səfərlərinin müxalifət tərəfindən təşviqat kampaniyası kimi qiymətləndirilməsinə münasibət bildirən M.Pənahov qeyd edib ki, prezident burada yalnız fəaliyyətini yerinə yetirir:
"Yəni Prezidentin regionlara səfəri onun ölkə Prezidenti kimi fəaliyyəti ilə bağlıdır. Müxalifətin dediyindən belə çıxır ki, prezident seçkilərə iki ay qalmış işləməməlidir. Bundan əlavə prezidentin regionlara səfərləri ilə bağlı yalnız təşviqat xarakterli deyil, xəbər xarakterli məlumatlar verilir".
Həmçinin M.Pənahov qeyd edib ki, mətbuatın xəbər vermək hüququna məhdidiyyət qoymaq olmaz, bu mətbuatın konstitsion hüququdur.
Beynəlxalq və yerli müşahidəçilərin seçkiləri müşahidə etməsi üçün bütün zəruri şərait yaradılıb. Seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb. Eyni zamanda, 1113 seçki məntəqəsində hərəkət məhdudiyyəti olan seçicilər üçün xüsusi qurğular quraşdırılıb.
Sosial şəbəkələrin hansı formada nəzarətdə saxlanılacağı məsələsinə münasibət bildirən M.Pənahov qeyd edib ki, bununla bağlı Seçki Məcəlləsində heç bir qayda yoxdur, yəni sosial şəbəkə bizim səlahiyyətimizə aid olan məsələ deyil, amma bu o demək deyil ki, sosial şəbəkələr istədiklərini etməlidirlər.
M.Pənahov əlavə edib ki, prezidentliyə namizədlərin əmlakı və maliyyə bəyannaməsi barədə məlumatların öyrənilməsi ictimaiyyət üçün açıqdır. Onun sözlərinə görə, bu cür məlumatların öyrənilməsi mətbuata da açıqdır: "Kim istəsə, bu barədə bizə müraciət edib məlumat ala bilər. Bununla bağlı heç bir problem yoxdur".