...

Prezident seçkiləri İlham Əliyevin, yoxsa xalqın daha çox udması məsələsini aktuallaşdırdı

Siyasət Materials 12 Oktyabr 2013 12:51 (UTC +04:00)
Azərbaycandakı Prezident seçkilərinin nəticəsi gözlənilən oldu. Xalq normal, demokratik şəraitdə keçən seçkilərdə fəaliyyətdə olan Prezidenti yenidən seçdi.
Prezident seçkiləri İlham Əliyevin, yoxsa xalqın daha çox udması məsələsini aktuallaşdırdı

Mübariz Əhmədoğlu - Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq

Azərbaycandakı Prezident seçkilərinin nəticəsi gözlənilən oldu. Xalq normal, demokratik şəraitdə keçən seçkilərdə fəaliyyətdə olan Prezidenti yenidən seçdi. İlham Əliyevin prezidentlik keyfiyyətləri və şəxsi parametrləri xalqımıza yaxşı bəllidir. Bütün dünyada ,xüsusilə Avropa hissəsində çox populyardır və müsbət imicə malikdir. Haqqında deyilən bəzi fikirlər də onun yüksək populyarlığına görədir. Uğuruna sevinənlər olduğu kimi də sevinməyənlər də var. İdarəçilik və təhlükələri əvvəlcədən hiss etmək qabiliyyəti Cənubi Qafqaz kimi mürəkkəb regionda Azərbaycan dövlətinin uğurlu inkişafına şərait yaradıb. Apardığı təmkinli siyasət ümumilikdə Qafqaz regionunda sabitliyin ən əsas şərtidir. Regionun digər iki dövlətinin siyasətinin regiona təhlükə yaratması da Azərbaycan Prezidentinin siyasəti hesabına neytrallaşır. Azərbaycan dünyamiqyaslı dövlətə çevrilir. Bu da onun siyasətinin nəticəsidir. Hər halda yaxın zamanlarda "yeni" Azərbaycan erasının "yeniləşmiş" və ya "inkişaf etmiş Azərbaycan" erası ilə əvəzlənməsi gündəliyə gətirilə bilər.

Xalqımız İlham Əliyevə səs verməklə real praqmatik düşüncəyə malik olduğunu nümayiş etdirdi: Bakı şəhəri inkişaf edir. Paytaxtda yaşamaq, pul qazanmaq asanlaşır. Oxşar fikirləri Azərbaycanın digər şəhərləri və rayon mərkəzləri haqqında da demək mümkündür. Kəndlərdə inqilabi dəyişikliyin bünövrəsi qoyulur. Kəndlərə elektrik enerjisi fasiləsiz verilir. Rabitə və internet xidmətləri yüksək səviyyədə qurulur. Asfalt yollar çəkilir.Kəndlər qazlaşdırılır. Bir sözlə, kənd bacarığı və düşüncəsi olan adamlar üçün pul qazanmağa, normal dolanışığ şəraiti yaratmağa tam hazırdır. Eləcə də maliyyələşmə prosesləri bu məsələni daha da stimullaşdırır. Belə olan təqdirdə Azərbaycan xalqının mifik planlara inanması qeyri-mümkün idi və xalq aldanmadı. Eləcə də hal-hazırda seçkidə iştirak etmiş müxalifətin mifik də olsa belə planı və ya konsepsiyası yox idi. Bu keyfiyyətinə görə xalqımız özünü Avropa xalqlarına yaxınlaşdırdı. Müsəlmanlara qarşı Qərb dünyasında ikrah düşüncənin daşıyıcıları hələ çoxdur. Avropa dünyasında şəxsi imici möhkəm olan İlham Əliyev bu düşüncənin dəyişməsinə şərait yaradacaq.

Bu seçkilərdəki müxalifət əvvəlki müxalifətdən heç nəyi ilə fərqlənmədi. Dağıdıcı düşüncəyə malik müxalifət hesab edir ki, əvvəlcə Azərbaycanı dağıtmaq lazımdır. Sonra isə necə quracağımızı düşünərik. Hakimiyyətə gələcəyi iki il ərzində dörd ağır siyasi prosedur reallaşdırmağı nəzərdə tutan Milli Şura dolayısı yolla Azərbaycan dövlətinin zəif deyil, güclü olduğunu etiraf edirdi. Eləcə də həmin iki il ərzində siyasi islahatları keçirəcəyi, yoxsa xalqı dolandıracaqları barədə heç bir aydın düşüncəyə malik deyildilər. Əslində, Milli Şuranın belə seçki konsepsiyası Prezidentin mövqeyinin güclənməsinə şərait yaratdı. İcazə tələb olunmayan mitinqlər müxalifətin real potensialını ortalığa qoydu. Mitinq iştirakçılarının sayı haqqında rəsmi məlumat 1500-2000 nəfər idisə, mitinq rəhbərlərinin özlərinin fikrincə, bu rəqəm 10 min nəfər idi. 9,5 milyonluq Azərbaycanda müxalifətin mitinqinə 10 min adamın toplaşması müxalifətin gücünün göstəricisidir. 2011-ci ildə 2 milyonluq Ermənistanda bir neçə ay permanent mitinqlər oldu. Hətta bu mitinqlərdən bir neçəsinə toplaşanların sayı 150 mini keçdi. Hakimiyyəti dəyişə bilmədilər.

Müxalifətin seçkidəki saxtakarlıqlarla bağlı dediklərinin əsası yoxdur. Bu Prezident seçkiləri ilk seçkidir ki, səsvermə günü MSK-a heç bir şikayət ərizəsi verilməyib: ya müxalifət şikayət səviyyəsində qüsur tapa bilməyib və ya da müxalifət MSK-ya şikayət adlı prosedurun olduğundan xəbərsizdir. Belə müxalifət layiq olduğunu aldı. Müstəqil Azərbaycanda formalaşmış müxalifətçilik ənənələrinin dəyişdirilməsi zəruridir: Şər, böhtan, yalan, nüfuzlu adamları tələyə salmaq Azərbaycanın gələcəyi üçün ziyanlıdır. Qloballaşma təkcə dövlətlərin yarışması demək deyil, həm də xalqların və fərdlərin yarışmasıdır.

Sosial şəbəkələr, ərəb inqilabı dalğası indiki seçkinin reallıqlardan idi. Hər iki parametrin təsiri fonunda Azərbaycanda seçkinin yüksək şəraitdə təşkili, sakit keçməsi diqqətəlayiqdir.

Bu seçkilərin orijinallıqlarından biri də Tbilisinin Azərbaycan müxalifəti üçün oynadığı roldan ibarətdir. Müxalifət liderlərinin bütün vacib görüşləri Tbilisidə keçirildi. Belə görüşlər Londonda da keçirilə bilərdi. Amma nədənsə Tbilisiyə üstünlük verdilər. Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Azərbaycandakı Prezident seçkiləri günündə Azərbaycanda və ya daimi yaşadığı Moskva şəhərində deyil, məhz Tbilisidə oldu. Maraqlı bəhanəsi vardı. Tbilisidən Varşavaya ucacaq. Yaşadığı Moskva şəhərindən Varşavaya gündə iki aviareys var. Tbilisidən isə həftədə 3 dəfədir. Belə olan halda Moskvada yaşayanın gəlib Tbilisidən Varşavaya uçması xam xəyallar üçün nəzərdə tutulmuş ideyadır.

Azərbaycan müxalifətinin belə yola düşməsi, Azərbaycan xalqını reallıqdan uzaqlaşdırmaq cəhdi, onu aldatmaq istiqamətindəki atılan addımlar indiki müxalifətin Azərbaycan xalqına təhqiridir. Belə bir dövrdə İlham Əliyevin yenidən Prezident seçilməsi yeni təhdidlərin qarşının alınmasında da öz sözünü deyəcək. Müxalifətdən olan prezidentliyə namizədlərin dini ideyalara verdiyi dəstək Azərbaycan cəmiyyətinin tamlığına strateji zərbədir. Bu zərbənin inkişafının qarşısını almaq da İlham Əliyevin boynundadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti